Bu fakt təkcə texniki uğursuzluq deyildi, o, Almaniya siyasi sistemində baş verən dərin struktur və ideoloji transformasiyanın göstəricisi idi. Hərçənd, Fridrix Mers daha sonra keçirilmiş növbəti səsvermədə kansler seçilərək and içdi və vəzifəsinin icrasına başladı. Amma bu prosesin özü Almaniya üçün yeni bir mərhələnin başlandığını göstərdi – siyasi sabitlik artıq əvvəlki qədər təminatlı deyil və konsensus mexanizmləri zəifləyib.
Siyasi parçalanmanın yalnız hakimiyyətlə müxalifət arasında olmadığı, həm də hakim koalisiyanın öz daxilində kəskin xətt üzrə baş verdiyi açıq şəkildə ortaya çıxdı. Üstəlik, bu daxili gərginliklər xarici təsirlərlə daha da dərinləşir. Almaniyada ilk dəfə olaraq əsas müxalif partiya – sağ-mühafizəkar “Almaniya üçün Alternativ” (AfD) – yalnız daxili siyasi qüvvə olaraq deyil, həm də beynəlxalq aktorların dəstəklədiyi güc mərkəzi kimi çıxış edir. ABŞ-nin yeni administrasiyası tərəfindən bu partiyaya göstərilən açıq dəstək, xüsusən də seçkilərdən əvvəl İlon Mask tərəfindən verilmiş siyasi bəyanatlar Almaniyanın daxili işlərinə xarici müdaxilənin artıq daha sərt formalar aldığını ortaya qoyur. Mask hər nə qədər rəsmi vəzifə daşımırsa da, ABŞ-nin keçmiş prezidenti Donald Trampın siyasi xəttinin qeyri-rəsmi təmsilçisi kimi çıxış edir və onun təsiri real nəticələr doğurur.
Parlament seçkilərindən az əvvəl Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Vens tərəfindən Alman hökumətinə yönəlik “anti-demokratik tədbirlərdən çəkinin” çağırışı da təsadüfi deyildi. Ardınca ABŞ dövlət katibi Marko Rubio tərəfindən “X” platformasında Almaniya hökumətinin AfD-yə qarşı xüsusi xidmətləri gücləndirməsi tənqid olundu və bu siyasət “tiraniya” adlandırıldı. Rubio Almaniya üçün real təhlükənin AfD deyil, miqrant axını olduğunu qeyd etdi. Bu açıq siyasi bəyanatlara qarşı Almaniya hökumətinin sərt və kəskin reaksiyası isə ABŞ-Almaniya münasibətlərində yaranan yeni gərginliyin bariz göstəricisidir.
Bütün bu proseslərin fonunda kansler seçkisində yaşanan ilk uğursuzluq təkcə prosedur böhranı kimi yox, həm də sistem böhranı kimi qiymətləndirilməlidir. Almaniya siyasi elitası daxilində yaranmış ziddiyyətlər artıq sadəcə ideoloji ayrılıqlar deyil, həm də güc münasibətləri baxımından yeni konfiqurasiyalar formalaşdırır. Bu konfiqurasiyada Avropa İttifaqının aparıcı dövləti olaraq Almaniyanın daxili sabitliyi, artıq bütövlükdə Avropanın təhlükəsizlik memarlığı üçün açar mövqe daşıyır.
Almaniya üçün məsələ yalnız kanslerin seçilməsi ilə yekunlaşmır. Əsl sual ondan ibarətdir ki, Fridrix Mers bu mürəkkəb geosiyasi və daxili siyasi şərtlər daxilində sabitliyi təmin edə biləcəkmi? Çünki Almaniyanın qarşısında təkcə koalisiya birliyini qorumaq deyil, həm də Avropanın yeni siyasi arxitekturasında öz liderliyini bərpa etmək kimi tarixi məsuliyyət dayanır. ABŞ ilə münasibətlərin yeni dövrə daxil olması, sağ-mühafizəkar populizmin güclənməsi və miqrasiya mövzusunun yenidən gündəmin mərkəzinə çəkilməsi bu missiyanı daha da çətinləşdirir. Bu mənzərədə kanslerin qarşısında duran vəzifə, sadəcə idarəçilik deyil, o, eyni zamanda fraqmentləşən sistemin içində yeni balans yaratmalı və beynəlxalq təzyiqlər fonunda Almaniyanı strateji kursdan yayındırmamalıdır.
Asif Cəfərov
Ordu.az