Moskva “xüsusi vasitəçi” qəbul etmir: Razılaşma yalnız Tramp-Putin səviyyəsində mümkündür

2025/02/1740563204.jpg
Oxunub: 788     21:23     13 Mart 2025    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir qrup amerikalı blogerə müsahibə verib. O, Ukraynanın sərhədləri ilə bağlı suala cavab verərkən bildirib ki, Kiyev Minsk razılaşmalarını yerinə yetirsəydi, Krım və Donbasın bir hissəsi istisna olmaqla 1991-ci il sərhədlərini qoruya bilərdi. Bu sənəd hələ də dərc olunmamış qalır. Məlumatlı mənbələrə görə, Kiyev Donetsk və Luqansk əyalətləri üçün “xüsusi idarəetmə forması” müəyyən etməli idi ki, bu da konstitusiya dəyişiklikləri tələb edirdi.

Lavrov amerikalı blogerlərə vəziyyəti elə təqdim edib ki, hər dəfə onlar (ukraynalılar) “aldadanda” ərazi itkiləri yaşayırlar və bu proses davam edir. Rusiyanın xarici işlər naziri faktiki olaraq deyib ki, müharibə davam edəcək və Ukrayna yeni ərazilər itirəcək.

Məlum deyil ki, Lavrov amerikalı blogerlərə müsahibəni Ciddədə ABŞ-Ukrayna danışıqlarından əvvəl, yoxsa sonra verib. Bu o qədər də prinsipial deyil, çünki Səudiyyə Ərəbistanı vəliəhdinin qonaqpərvər şəraitində Rubio-Yermak görüşünə fasilə veriləndə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə ABŞ prezidentinin təşəbbüsünə “çəhrayı eynəklərlə baxmamağı” məsləhət görmüşdü.

Peskov, görünür, etibarlı mənbələrdən məlumatlı idi ki, ABŞ nümayəndə heyəti Ukrayna təmsilçilərini “küncə sıxışdırmayıb”, danışıqlar “konstruktiv məcrada” gedir. Bunu “kofe fasiləsinə” tələsən Maykl Uolts də jurnalistlərə demişdi.

Maraqlıdır ki, ABŞ-Ukrayna danışıqlarının ertəsi günü “RİA-Novosti” dövlət agentliyinin şərhçisi yazır ki, qərb mətbuatının əminliyinə baxmayaraq, yaxın günlərdə Moskvaya ABŞ prezidentinin xüsusi nümayəndəsi gələcək. Lakin Rusiyanın müvafiq qurumları bu məlumatı təsdiqləmirlər.

O, ümumiyyətlə Ukrayna nizamlanması barədə ABŞ prezidenti Trampın, dövlət katibi Rubionun və komandanın digər yüksək rütbəli nümayəndələrinin “ziddiyyətli bəyanatlarını” “Santa Barbara” adlandırır və hesab edir ki, bunlar hər şeydən əvvəl ABŞ “tamaşaçısı” üçün edilir.

Təhlil müəllifi, nəhayət, aşkar edir ki, Rusiya üçün xüsusi vasitəçilər səviyyəsində heç bir razılaşma tam ola bilməz, əgər söhbət sövdələşmədən gedirsə, bu yalnız Tramp-Putin formatında mümkündür. Həm də “RİA-Novosti”nin müəllifi “yüz faiz əmindir” ki, ABŞ tərəfi ilə müzakirələrdə XİN kollegiyasının üzvləri ilə keçən il iyunun 14-də prezident Vladimir Putinin açıqladığı prinsiplərdən heç bir geri çəkilmə mümkün deyil.

Ukrayna “nizamlanması”nın bu prinsipləri məlumdur və yalnız bir məqsəd daşıyır - Kiyevin qeyd-şərtsiz kapitulyasiyasına və Ukraynanın suverenliyinin faktiki ləğvinə nail olmaq. “RİA-Novosti”nin nəşrinin tonundan çıxış etsək anlayaraq ki, Rusiya əgər birmənalı şəkildə olmasa da, diplomatik “məqbulluq hüdudlarında” formalaşdırılmış bir bəyanat verəcək ki, 30 günlük atəşkəs məsələnin kompleks həllini təmin etmir. Yəni, prinsip etibarilə hərbi əməliyyatları dayandırmaq təklifini rədd edəcək.

Lavrov Birləşmiş Ştatlarla münasibətlərə toxunaraq bildirib ki, nüvə fövqəldövlətləri bir-birinin üstünə qışqırmamalı, əksinə Hollivud filmlərindəki kovboylar kimi davranmalıdırlar. Onlar isə deyirlər: “Siz bilirsiniz ki, mən bilirəm ki, siz bilirsiniz ki, mən bilirəm siz mənə nə demək istəyirsiniz”. “RİA-Novosti” isə aydın şəkildə anladır ki, sövdələşmə yalnız ABŞ və Rusiya prezidentləri arasında mümkündür, özü də Vladimir Putinin şərtləri ilə.

Bu vəziyyət göstərir ki, Rusiya Ukraynadakı münaqişənin həllində kompromisə getmək fikrindən çox uzaqdır və istənilən diplomatik təşəbbüsə öz şərtlərini diktə etməyə çalışır. Rusiyanın mövqeyi, bütün beynəlxalq vasitəçilik cəhdlərinə baxmayaraq, hələ də dəyişməz qalır və münaqişənin həllində ikitərəfli yanaşmanı - yalnız Putin-Tramp danışıqlarını mümkün yol kimi görür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin