“Leonardo” və “Baykar” arasında ortaq təşəbbüs nələri əhatə edir?

2025/03/1741585265.jpg
Oxunub: 764     11:51     13 Mart 2025    
Türkiyənin aparıcı PUA istehsalçılarından “Baykar” ilə “Leonardo” önümüzdəki üç ay ərzində həyata keçiriləcək 50%-50% ortaq təşəbbüsü qurmaq üçün bir anlaşma memorandumu imzaladı. Anlaşma bir tona qədər faydalı yük daşıya bilən altı tonluq “Akıncı” və daha yüngül PUA olan TB2 kimi inkişaf etmiş modellər daxil olmaqla PUA-ların ortaq istehsalını əhatə edir.

İstehsal fəaliyyətləri həm İtaliyada, həm də Türkiyədə həyata keçiriləcək. İtaliyada istehsal-montaj üçün La Speziadakı “Piaggio” müəssisələrində, aviasiya hissələrinin istehsalı isə “Ronchi dei Legionari” müəssisələrində həyata keçiriləcək. Radioelektron komponent istehsalı isə Romada cəmləşdiriləcək. Ortaq təşəbbüsün 2026-cı ilin əvvəlində istehsala başlaması planlaşdırılır.

Anlaşma İtaliya və Türkiyə arasında sənaye və texnoloji əməkdaşlıqda mühüm bir addım olub, mühəndislik və yüksək texnologiya sahəsindəki ixtisaslaşmaların birləşməsi sayəsində hər iki ölkənin aviasiya və müdafiə sektorundakı mövqeyini möhkəmləndirir.

“Baykar” PUA-larının sertifikasiyası İtaliya Müdafiə Nazirliyinin direktivləri çərçivəsində İtaliyada həyata keçiriləcək. Bu addım “Baykar”ın bütün Avropa İttifaqı bazarına açılmasına imkan yaratması baxımından əhəmiyyətlidir.

Sektorunda 1,8 milyard dollarlıq dövriyyə ilə dünya lideri olan “Baykar” İtaliya ilə əldə etdiyi 50/50 razılaşma sayəsində, başda Britaniya olmaqla qitədə rəqibsiz olaraq PUA istehsalında lider mövqeyinə yüksəlir. “Leonardo” ilə “Baykar” arasındakı razılaşma Avropadakı liderliklərini möhkəmləndirməklə yanaşı, kiçik ölçülü pilotsuz uçuş aparatlarının digər kateqoriyalarına yönəlik əməkdaşlığın genişləndirilməsinə də imkan verəcək.

“Leonardo”nun inkişaf etmiş radioelektron sistemlərinin də inteqrasiyası ilə “Baykar” PUA-larının vurulması daha da çətinləşə bilər. “Leonardo” hazırda Türkiyə sənayesinə 300 milyon avro dəyərində elektron komponentlər tədarük edir. Bunun 50 milyon avrosu birbaşa “Baykar”a gedir. Bu töhfə “Leonardo”nun ildə altı milyard avro dövriyyə əldə etdiyi elektronika sektorunda italyan texnoloji üstünlüyünü ortaya qoyur.

Mərkəzi İtaliyada qurulacaq ortaq təşəbbüs pilotsuz hava sistemlərinin dizaynı, inkişafı, istehsalı və təmirini üstlənəcək. Bu ortaq əməkdaşlıq “Baykar”ın beynəlxalq bazarlarda operativ səmərəliliyini sübut etmiş, inkişaf etmiş pilotsuz platformaları ilə “Leonardo”nun Avropada missiya və faydalı yük sistemləri dizaynı, eləcə də aviasiya sertifikasiyaları sahəsindəki təcrübəsini birləşdirəcək.

PUA sistemləri, radioelektron sistemlər, faydalı yüklər, C4I, Süni Zəka, inteqrə edilmiş vəzifə sistemləri, kosmik avadanlıqlar və xidmətlərin inkişafı və istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər çoxsahəli ekosistemlər daxilində birlikdə işləmə qabiliyyətini təmin edəcək.

Anlaşmanın imzalanması ilə “Leonardo” və “Baykar” həm Avropa, həm də beynəlxalq bazarlardakı imkanları birlikdə dəyərləndirməyi, həmçinin kosmik sektordakı sinerjini daha da artırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Baykar   Avropa  


Bizi "telegram"da izləyin