Bu şəxslər ABŞ-nin demokrat administrasiyası tərəfindən fələstinlilərə qarşı zorakılığın təşkilatçıları kimi tanınıb. İordan çayının qərb sahili formal olaraq Fələstin Milli Administrasiyasının nəzarəti altındadır, lakin bu, İsrailin yəhudiləri həmin ərazilərə yerləşdirməsinə mane olmur. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var, bu qətnamələr İsraili nəinki köçürülməni dayandırmağa, həm də artıq salınmış yaşayış məntəqələrini boşaltmağa məcbur edir.
Trampın prezident postuna gələrkən, ABŞ-nin rəsmi dilindən “İordan çayının qərb sahili” ifadəsini çıxaracağını və “İudeya və Samariya” adlarından istifadə edəcəyini açıqlaması İsraildə böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Qeyd olunan adlar İsraildə rəsmidir və bu ərazilər yəhudi dövlətinin ayrılmaz hissəsi hesab olunur. Bayden administrasiyasının bir il əvvəl İordan çayının qərb sahilindəki yəhudi köçkünlərinə qarşı müəyyənləşdirdiyi sanksiyalar ilk növbədə siyasi idi, Vaşinqton dolayı yolla da olsa, bu ərazilər üzərində Fələstin Milli Administrasiyasının yurisdiksiyasını tanıyırdı.
Tramp Baydenin tətbiq etdiyi sanksiyaları aradan qaldırmaqla, İsrailin Baş naziri Benyamin Netanyahuya dörd illik hakimiyyətdə olduğu müddətdə yəhudi dövlətinin mövqeyini müdafiə edəcəyinə dair açıq siqnal göndərir. Netanyahu andiçmə mərasimi münasibətilə Trampa ünvanladığı videomüraciətdə prezident kimi ilk dövründə verdiyi iki mühüm qərarı xatırladıb: Yerusəlimi İsrailin paytaxtı və Colan təpələrini onun ərazisi kimi tanımaq.
Netanyahu ümid etdiyini bildirib ki, Trampın ikinci prezidentliyi dövründə güclü İsrail-ABŞ ittifaqı daha da dərinləşəcək və yeni təzahürlər görəcək. ABŞ prezidenti İordan çayının qərb sahilinin ilhaqına artıq “yaşıl işıq” yandırıb. Əgər o, vədinə əməl etsə, ABŞ-nin yəhudi köçkünlərə qarşı sanksiyalarının ləğvi isə əhval-ruhiyyəni göstərirsə və Fələstin əraziləri ABŞ-nin siyasi diskursunda “İudeya və Samariya” adlandırılarsa, o zaman müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı bütün söhbətlər praktiki əhəmiyyətini itirəcək.
Netanyahu salamlama nitqində Trampın ilk prezidentlik müddətinin təşəbbüsünü, 4 ərəb ölkəsi ilə münasibətlərin normallaşmasına imkan verən “İbrahim Razılaşmaları” adlı siyasəti yüksək qiymətləndirib. İsrailin Baş naziri sanki ABŞ prezidentinə eyham vurub ki, əslində ərəb ölkələrindən ehtiyatlanmağa ehtiyac yoxdur. O, İranın nüvə proqramının məhvini əsas məsələ hesab edib.
Təbii ki, yəhudi köçkünlərə qarşı sanksiyaların ləğvi və Netanyahunun İrana qarşı ambisiyalarının üzə çıxması birbaşa əlaqəyə malik deyil, amma görünən odur ki, ABŞ prezidenti beynəlxalq hüquqla Fələstin kimi tanınan əraziləri “İudeya və Samariya” kimi tanımaqla, artıq yəhudi dövlətinə simvolik də olsa, ilk hədiyyəni təqdim edib.
O, ərəb dünyası və xüsusən də Türkiyə ilə münasibətlərdə bu yanaşmanı necə tarazlaşdıracaq? Türkiyə də öz növbəsində sərt mesaj verib: Suriyanın şimal-şərqində YPG ilə Türkiyə Ordusunun dəstəklədiyi silahlı qruplar arasında döyüşlər yenidən başlayıb.
Asif Cəfərov
Ordu.az