Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambartsumyan bildirib.
Onun sözlərinə görə, hazırda Fransa Azərbaycana Aster 30-SAMP/T və VL MICA Zenit Raket Komplekslərini satır.
“Azərbaycan silahlanmasını genişləndirir. Hazırda çox vacib hadisə baş verməkdədir. Ermənistanın dostu, NATO-ya üzv ölkə olan Fransa SAMP/T və VL MICA Zenit Raket Komplekslərini Azərbaycana satır. Bu raket kompleksləri 100 km məsafə dərinliyədək məhv etmə qabiliyyətinə malikdir. Hədəf kimi ballistik raketlər, o cümlədən “İsgəndər” raketləri, qanadlı raketlər, təyyarə və helikopterlər olduğu bildirilir. Bu raketlər Fransa istehsalıdır və ən yaxşı raket sinfindən hesab olunur”- deyə Hambartsumyan qeyd edib.
Erməni ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti bu razılaşma barədə heç bir şey danışmır: “Paşinyan niyə öz “Facebook” səhifəsində bu barədə yazmır? Köhnə hakimiyyəti tənqid etməyi çox sevirdilər, bəs özləri niyə susurlar?”.
O əlavə edib ki, Fransanın münaqişə edən tərəflərə silah satılmamasına dair hüquqi öhdəliyi yoxdur.
Qeyd edək ki, sözügedən silahların ölkəmizə satılması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan erməni KİV-lərinə aşıqlamasında deyib ki, bu barədə Azərbaycan və Fransa tərəfindən rəsmi açıqlama olduğu halda münasibət bildiriləcək.
Alpər Mövludoğlu
Ordu.az