Bu barədə
Ordu.az-a açıqlamasında, IDEF-2019 Müdafiə Sənayesi sərgisində iştirak edən “Eurosam” şirkətinin Biznes Təkmilləşdirmə və İxrac üzrə meneceri Filip Çopin deyib.
Şirkət barəsində məlumat verən menecer “Eurosam” şirkətinin MBDA Fransa, MBDA İtaliya və “Thales” arasında ortaqlıq vasitəsilə qurulduğunu bildirib.
“Şirkətimizin baş qərargahı Parisin cənubunda yerləşir və 100-ə yaxın idarə heyəti var. Şirkətin investorları Avropanın ən böyük və ən təcrübəli müdafiə kontraktorlarıdır”, - deyə o əlavə edib.
“Aster-30” raketlərinin Azərbaycana satışı barədə məsələlərə də toxunan şirkət nümayəndəsi, ölkəmizin tələblərinə cavab verən məhsulların üzərində işləndiyini vurğulayıb: “Bəzi KİV-lərdə artıq Azərbaycana “Aster-30”ların satışı barədə razılıq əldə edilməsi ilə bağlı xəbərlər yayımlanır. Mən bunu təsdiqləyə bilmərəm. Lakin onu deyə bilərəm ki, Azərbaycanın tələblərinə cavab verəcək müxtəlif məhsullar üzərində işləyir və təkliflər edirik”.
Onun sözlərinə görə, hal-hazırda şirkətin raketləri və raket sistemləri 4 ölkəni, Fransa, İtaliya, Səudiyyə Ərəbistan və Böyük Britaniyanı təchiz edir.
Sərgidə “Eurosam” şirkətinin stendində “Aster 30 Blok 1 NT” raketi və raketin başlatma platforması “Aster 30 SAMP/T” məhsullarından əlavə, yüngülçəkili, uzaqmənzilli gəmi əleyhinə raket sistemi “Sea Venom ANL”, qısamənzilli gəmi əleyhinə və sahil müdafiə raketi “Otomat MK2 Blok IV”, “MARTRE” ailəsinin 3-cü nəsil raketi “MARTRE ER”, “Meteor Spear” və Britaniya HHQ üçün inkişaf etdirilmiş yerüstü hücum üçün nəzərdə tutulmuş raketi “Brimstone” də nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az