Aprel ayının nəticələrinə görə, Ermənistan ordusunda 1 ölüm (intihar) hadisəsi qeydə alınıb.
Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 25 düşmən hərbçisi (18-i qəza, 3-ü dava, 1-i təxribata cəhd, 1-i özünəqəsd, 1-i güllələnmə, 1-i bıçaqlanma) yaralanıb.
Bununla yanaşı, ən azı 8 fərarilik faktı da aşklarlanıb.
5 aprel
Ermənistanda 1979-cu ildə təvəllüdlü şəxs güllə yarası ilə "Astğik" tibb mərkəzinə yerləşdirilib. Məlum olub ki, güllə yarası almış 1979-cu il təvəllüdlü şəxs Ermənistan MN-in "N" saylı hərbi hissə komandiridir.
Erməni komandirə atəş edən vaxtilə məhz onun sürücüsü olub. Yayılan məlumata görə, onun işdən azad edilməsi barədə ədalətsiz qərar verilib. Buna görə keçmiş sürücü hərbi hissə komandirini cəzalandırmaq qərarına gəlib. Həbs edilən keçmiş müqaviləli hərbi qulluqçu yaxın çevrəsində bildirib ki, işdən azad etdiyinə görə yox, sadəcə komandirin davranışına görə bu addımı atıb.
9 aprel
Saat 09:30-da "Arsenal 2019" tədbiri çərçivəsində Baqrataşen sərhəd məntəqəsinin nəzarət bölməsindən Baqrataşen polis bölməsi 43 yaşlı Qarik Nasibyanı həbs edib.
Sözügedən şəxs ötən il sentyabrın 24-dən etibarən axtarışdadır. Məlumata görə, o, həmin tarixdən qondarma qurumun “polis”i tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 361-ci maddəsinin 5 bəndinə əsasən (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) günahkar bilinərək axtarılırdı.
11 aprel
Ermənistan Müdafiə Nazirliyinə məxsus ZİL markalı avtomobil Sünik vilayətində qəzaya uğrayıb.
Meğri şəhərindən Naxçıvanla sərhəd bölgəsinə doğru gedən magistralda, Meğri inzibati ərazisində yerləşən "Tsirani Dzor"da Ermənistan MN-ə məxsus ZİL markalı avtomobil yol zolağından çıxaraq aşıb. Qəza nəticəsində əsasən qırıqlar olmaqla, müxtəlif bədən xəsarətləri alan 18 nəfər (4-ü ağır olmaqla) Meğri hospitalına köçürülüb.
*****
İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən Ermənistandan çağrılanlarla qarabağlı hərbçilər arasında yerlibazlıq üstündə dava səngimir.
İşğalçı ordunun bölmələrindən birində kütləvi dava baş verib və nəticədə 3 hərbi qulluqçusu Arkadi Xrşoyan, Anastas Varterisyan və Gevorgi Martirosyan davanın ən fəal üzvləri kimi istintaqa cəlb olunublar.
Polkovnik-leytenant A.Mxitiryanın təqdimatına əsasən başlanan cinayət işinin aparılması müstəntiq Noray Qasparyana tapşırılıb.
*****
İşğal altında olan yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında xidmət yerindən özbaşına qaçma hallarının sayı artmaqda davam edir.
2018-ci ilin 2-ci yarısında orduya çağrılan Seryoja Nersisyan hələlik məlum olmayan səbəbdən xidmət yerini özbaşına tərk edib.
Digər bir xəbərdə isə bildirilir ki, hərbi hissənin tibb məntəqəsində stasionar müalicə alan hərbi qulluqçular Nareq Qaroyan və Gevorq Minosyan qaçıblar.
Hər üç hərbi qulluqçu düşmən ordusun 5-ci dağ atıcı alayının əsgərləridir. Tibb məntəqəsindən qaçan hərbçilərin isə döyüldüyü iddia olunur.
15 aprel
Loru vilayət məhkəməsində Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə hərbi qulluqçunun bıçaqlama faktı üzrə cinayət işinin araşdırılmasına başlanılıb.
Məlumata görə, erməni hərbi qulluqçunu bıçaqlamaqda əsgər yoldaşı ittiham edilir.
Məlum olub ki, hadisədən öncəki gün hərbi qulluqçuya qarşı zorakılıq edilib. Döyülən hərbi qulluqçu intiqam almaq məqsədilə divizonun yataqxanasında yatan, öncəki gün onu döymüş hərbi qulluqçuya yaxınlaşaraq, onu oyadıb və öncədən özü ilə gətirdiyi qatlanan bıçaqla bir dəfə onun sağ yan hissəsinə zərbə endirib.
Bıçaq zərbəsi hərbi qulluqçunun həyati orqanlarına xəsarət yetirməsə də, sağlamlığına yüngül xarakterli xəsarət yetirilib.
18 aprel
İrəvanda sinəsinin sol nahiyəsindən güllə yarası almış bir erməni hərbi qulluqçu, Mikaelyan adına cərrahi xəstəxanaya yerləşdirilib və əməliyyat zamanı ölüb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, erməni hərbi qulluqçu saat 11:35 radələrində bioloji ölüm keçirib. Xatırladaq ki, 1995-ci il təvəllüdlü, intihar etmiş müqaviləli hərbi qulluqçu, Kotayk vilayətinin sakini S.Narekdir. Müqaviləli hərbi qulluqçunun şəxsi həyatı ilə bağlı problemləri olub.
Problemin onun sevdiyi qızla bağlı olduğu bildirilir. Yayılan bəzi söz-söhbətlərə görə, hərbi qulluqçu ilə evli qadın arasında danışıq baş tutub və bu danışıqdan sonra o, hərbi hissədə intihar edib. Yeri gəlmişkən məlumatlara görə, S.Narek intihar etməmişdən əvvəl məktub yazıb. O, məktubda şəxsi həyatı ilə bağlı olan problemləri geniş şəkildə təsvir edib.
19 aprel
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində komandirlərin təhqirli davranışlarına dözməyərək zabitlərə xəsarət yetirmə halları son vaxtlar çoxalıb.
İşğalçı ordunun bölmələrindən birində mübahisə zəmnində əsgər Artsrun Qukasyan zabitə xəsarət yetirib.
İzahatında mütəmadi olaraq zabit tərəfindən söyülərək təhqir olunduğunu bildirən əsgər A.Qukasyan hərbi polisin müstəntiqinin qərarı ilə 30 gün müddətinə həbs edilib.
*****
İşğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçisi özünə xəsarət yetirib.
Polkovnik A.Gözəlyanın tabeçiliyində olan bölüklərdən birinin əsgəri “rezakla” barmağını kəsib. Əsgəri tibb məntəqəsinə aparan hərbi qulluqçu B.Batincanyan tibb məntəqəsində hadisənin təsadüfən baş verdiyini deyib.
Bildirilir ki, guya əsgər bölük komandirinin tapşırığına əsasən dəftərxanada iş görərkən təsadüfən barmağını kəsib. Qanaxmanı dayandıra bilmədiklərindən əsgəri tibb məntəqəsinə yollamaq məcburiyyətində qalıblar. Tibbi yardım göstərən həkimlər yaraya bir neçə tikiş qoyublar.
20 aprel
Ermənistanın Tavuş Rayon Məhkəməsində hakim Samvel Mərdanyanın sədrliyi ilə Narek Karapetyan və Şirin Mxoyanın məhkəməsi keçirilib.
Belə ki, N. Karapetyan əsgər yoldaşı Şirin Mxoyanı döyməklə və yüngül yaralanma əlamətləri hesab olunmayan bədən xəsarətləri yetirməkdə ittiham edilir.
Şirin Mxoyan isə, onu döyməsi və alçaltmasına görə qisas almaq məqəsdilə Karapetyanı bıçaqlamaqda ittiham olunur.
Karapetyana qarşı yaşayış yerini tərk etməmə, Şirin Mxoyana qarşı isə hərbi hissə komandirinin nəzarətinə verilməsi barədə qərar qəbul edilib.
23 aprel
İşğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçuların müxtəlif yollarla xidmətdən yayınması halları artmaqda davam edir.
Ön xətt mövqeyində xidmət etməkdən yayınmaq istəyən Hovanes Knyazyan adlı hərbi qulluqçu 4 aydır ki, Ermənistan müdafiə nazirliyində xidmət edən qohumunun tapşırığına əsasən hərbi hospitalda saxlanılır.
Əsgəri hospitaldan çıxarmağa gücü çatmayan hissə komandiri nəhayət ki, H. Knyazyanın xidmət etmək üçün yaxşı yerə və asan hərbi hissəyə keçirilməsi barədə Ermənistan müdafiə nazirliyindən “xoş xəbər”, tapşırıq alıb.
*****
İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmətdən yayınmaq məqsədilə eyni hərbi qulluqçuların bir neçə dəfə xidmət yerindən qaçması adi hal alıb.
Aram Qabucyan, Tiqran Sahakyan, V.Yeğikyan adlı hərbçilər soyuqdəymə və yüksək hərarət diaqnozu ilə Ağdərə hərbi hospitalına yerləşdiriblər.
Lakin müalicə müddəti bitdikdən sonra onlar xidmət yerlərinə qayıtmayıblar. Bu barədə hospitalın işçisi Gevond Tadevosyan məlumat verib.
Xəbərdə o da bildirilir ki, adı çəkilən hərbi qulluqçular bir neçə dəfə xidmətdən yayınmaq məqsədilə hərbi hissədən qaçıblar.
30 aprel
Ermənistanın Tavuş vilayətində təxribatı pozmağa cəhd edən erməni hərbi qulluqçu ağır yaralanıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb ki, müqaviləli hərbi qulluqçu baş nahiyəsindən yaralanıb.
Məlumata görə, yaralanan erməni hərbi qulluqçu 1987-ci il təvəllüdlü Argişti Samvel Sepxanyandır.
Ordu.az