Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskvada keçirilən VIII beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində jurnalistlərə müsahibə verən Ermənistan Müdafiə naziri Davit Tonoyan bildirib.
“İlk mərhələdə 4 qırıcı əldə ediləcək. Tədarük ilin sonuna və ya 2020-ci ilin əvvəlinə nəzərdə tutulur. Daha sonra bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə bildirən Müdafiə naziri əlavə edib ki, rus qırıcılarına görə artıq ilk maddi vəsait (tranş) ödənişi həyata keçirilib.
Tonoyan həmçinin qeyd edib ki, Ermənistanın rus silahları əldə etməsi istiqamətində gələcək planları var: “Biz çox ciddi şəkildə silahlanmalıyıq və yenidən təchiz ediləcəyik. Satınalmalar rus silahlarından həyata keçiriləcək”.
Qeyd edək ki, bu qırıcılar və onların sonrakı versiyaları Azərbaycana təklif edilsə də, Bakı bu təklifləri müsbət dəyərləndirməyərək Pakistanın daha yüksək göstəricilərə və xüsusiyyətlərə malik JF-17 “Thunder” qırıcılarına üstünlük verdi.
Su-30 (NATO təsnifatına görə - Flanker-C) SSRİ-nin, sonradan isə Rusiyanın ikiyerlik çox məqsədli ağır qırıcısıdır. 1980-ci illərin sonunda “Suxoy” Dizayn Bürosunda, Su-25, Su-27 və Su-35 qırıcıların da istifadə etdiyi T-10S təyyarəsinin versiyası bazasında hazırlanıb.
İstehsalçı tərəfindən çöx gözəl təyinat xüsusiyyəti alan Su-30 təyyarələri Rusiyanın ən çox qəza və faciələrə məruz qalan təyyarələrindən biridir. Açıq mənbələrdən alınan məlumata görə, qısa istismarı tarixində Su-30 qırıcıları ən azı 17 dəfə qəzaya uğrayıb, onlardan 4-ü faciə ilə nəticələnib; 7 pilot həlak olub, 1 pilot və 3 mülki şəxs isə xəsarət alıb.
Alpər Mövludoğlu
Ordu.az