Azərbaycan-Fransa hərbi əməkdaşlığının uğurlu göstəricisi - ASTER 30 (HƏRBİ EKSPERT)
Oxunub: 2513
11:15
04 Dekabr 2018
Bu il Bakıda keçirilən ADEX-2018 müdafiə məhsulları sərgisində Fransanın MBDA şirkətinin satış və biznesin inkişafı departamentinin Baş direktoru Kristina Ramon Ordu.az-a verdiyi açıqlamada Azərbaycanın "Aster 30" və VL MICA zenit raket komplekslərini satın alına biləcəyi barədə məlumat vermişdi. İlk dəfə bu barədə 2018-ci ilin sentyabrın 28-də məlumat yayılarkən bəziləri tərəfindən bir qədər ironiya ilə qarşılanan bu xəbər, bu gün artıq bütün KİV-lərdə geniş şəkildə tirajlanır.
Xanım Ramonun "Azərbaycan üçün müxtəlif tipli hava hücumundan və raket əleyhinə müdafiə sistemləri təklif edirik. Biz bir neçə ildir ki, Azərbaycanın tələblərinə cavab verə biləcək sistemlər üzərində işləyirik. Bu sistemlər hava məkanının düşmən aviasiyasından, həmçinin qanadlı ballistik raketlərdən zəmanətli qorunması üçün istifadə olunur" açıqlaması, dolayısı ilə bu sistemlərin alına biləcəyinə dair ehtimallarımızı təsdiqləyirdi.
Daha sonra xanım Ramon şirkətin fəaliyyət istiqamətləri və Azərbaycana təklif edilən məhsulları arasında qısa mənzilli VL MICA və uzaq mənzilli "Aster 30" zenit raket komplekslərinin ola biləcəyinini vurğulamışdı. Artıq 10 illik əməkdaşlıq öz bəhrəsini verməyə başlayıb. Fransa hökuməti Azərbaycana müasir ZRK satışına razılıq verib.
Hazırda bu raketlərin müxtəlif çeşidlərindən Fransa və İtaliyadan başqa, Türkiyə, Böyük Britaniya, Kanada, İsveç, Sinqapur, Səudiyyə Ərəbistanı, Əlcəzayir, Misir, Qatar və Mərakeş Silahlı Qüvvələrinin silahlanmasında geniş istifadə edirlər.
"Aster" ZRK sistemlərinin 4 variantı mövcuddur:
- "Aster 15" gəmilərə quraşdırılan qısa və orta mənzilli kompleksdir;
- "Aster 30 bloku 0" gəmilərə quraşdırılan orta və uzaq mənzilli kompleksdir;
- "Aster 30 blok 1" 600 km məsafədə ballistik hədəfləri ələ keçirmək üçün nəzərdə tutulan uzaq mənzilli kompleksdir.
-"Aster 30 blok 1 NT" (New Technology-Yeni Texnologiyalar) 1500 km məsafədə ballistik raketləri ələ keçirmək üçün son model zenit kompleksidir. 2014-cü ildə "Blok 1NT" variantının inkişafı Fransa və İtaliya tərəfindən maliyyələşdirilib. "Blok 2" üzərində isə çalışmalar davam etdirilir. Onun 2020-ci ildə hazır olacağı ehtimal edilir. Bəzi mənbələr sonuncunun ballistik raketləri atmosferin hüdudlarından kənarda, 3000 km məsafədə ələ keçirəcəyini və sürətini 4.5-dən 7 Maxa qədər artıracağını bildirir.
Xüsusiyyətlərindən də göründüyü kimi, Azərbaycanın indiki şəraitdə hava məkanını ballistik raketlərdən qorumaq və ehtiyaclarını təmin etmək üçün "Aster 30 blok 1" komplekslərini əldə etməsi daha məqsəduyğun hesab edilir.
Əvvəlki proqnozların doğru çıxmasından ruhlanaraq bu məqalədə Sizi "Aster 30 blok 1" ilə tanış etmək istəyirik.
"Aster 30 blok 1" kompleksi
"Aster 30" zenit raket sistemi, yürüşdə qoşunların və mexanikləşdirilən birliklərin hava hücumundan müdafiəsini təmin etmək, eləcə də böyük əhəmiyyət kəsb edən sabit obyektlərin düşmənin geniş spektrli kütləvi hava hücumu vasitələrindən mühafizəsini təmin etmək üçün nəzərdə tutulur. Bu hava hücumu vasitələrinə istənilən hava şəraitində, gündüz və gecə, müxtəlif müdaxilələrdən istifadə edərək tətbiq edilən taktiki qanadlı raketləri, bütün təyyarə və helikopterləri, PUA-ları aid etmək mümkündür.
Bu hava hücumundan müdafiə sisteminin yaradıcısı "Aerospatiale", "Alenia" və "Thompson-CSF" şirkətlərinin birləşməsi ilə 1989-cu ildə yaradılan "Eurosam" Avropa konsorsiumudur. Hazırda "Eurosam" konsorsiumu quru və dəniz raketləri müdafiə sistemlərinin inkişaf layihələrinin əsas müəllifidir.
Avropanın "Aster 30" kompleksi (Fransa Hərbi Hava Qüvvələrində, "Mamba" adını daşıyır) 360 dərəcə dairəvi sektorda atəş açmaq qabiliyyətinə malikdir, hər hansı hava hədəfini məhv edə biləcək yüksək manevrli mərmilərə malikdir. Bu kompleks Fransada və İtaliya silahlanmasında mövcuddur, bu isə hər iki dövlətin ballistik raketləri ələ keçirmək üçün nəzərdə tutulan NATO-nun Avropadakı birləşmiş raket əleyhinə müdafiə sisteminin yaradılmasında mühüm töhfə hesab edilir. "Aster 30" hava hücumundan müdafiə kompleksi yüksək səviyyədə atəş tempinə və ən qısa reaksiya müddətinə (10 saniyəyə 8 raket buraxılır) malikdir, eyni zamanda 2 nəfərlik heyət tərəfindən idarə olunan kompleks 10-a qədər müxtəlif hədəfi də müşayiət edə bilir. İstehsalçının kompleksin bir sıra az görüntülənən, yüksək manevrli, geniş spektrli ballistik raketlərə və ya digər hədəflərə qarşı yüksək effektivlik göstəricilərinə aid iddiaları 2008-cildən bu günə qədər keçirilən çoxsaylı sınaqlar zamanı da təsdiq edilir.
Hədəf təyinatını aldıqdan sonra zenit raketləri şaquli vəziyyətdə buraxılır. Kompleksin hər bir atıcı qurğusu 8 ədəd nəqliyyat daşıyıcı konteynerdən (NAK) ibarətdir. Uçuşunun son mərhələsində raketin hədəfə yönləndirilməsində aktiv özütuşlanan radiolokasiya başlığından istifadə edilməsi, onun istənilən hava şəratində tətbiqinə imkan verir.
Kompleksin tərkibi
"Aster 30" zenit raket kompleksinə daxildir:
• Fazalı anten barmaqlığına malik "Thompson-CSF ARABEL" tipli çoxfunksiyalı RLS-i;
• FCU döyüş idarəetmə kabini, burada hava şəraitinin vəziyyəti barədə bütün məlumatları emal edən bütün idarəetmə avadanlıqları, displey və konsollar yerləşir;
• "Aster-30" idarəolunan zenit raketləri;
• Renault-TRM-10000 və ya "Astra/İveco" avtomobilinin 8x8 təkər formulasına sahib şassisinə NAK-da yerləşdirilən 8 ədəd döyüşə hazır raketli atıcı qurğu.
"Aster-30" idarəolunan zenit raketi, normal aerodinamik konfiqurasiyada hazırlanan ikipilləli və sərt yanacaqlı bir raketdir. Uçuş traektoriyasının başlanğıc və orta hissələrində raketin idaredilməsi siqnalları yerdən (command-inertial guidance system - ətalətli idarəetmə komanda sistemindən) alınır, traektoriyanın son mərhələsində isə aktiv özütuşlanan başlıq fəaliyyətə başlayır.
Raket üzərində quraşdırılan RLS, 10 ilə 20 GHz diapazonunda tezlikdə çalışır. Bu zenit raketinin digər fərqli bir xüsusiyyəti, yüksək həssaslıqlı PIF/PAF kombinə edilən idarəetmə sisteminin mövcudluğundan ibarətdir. Bu sistemdə qaz axınının reaktiv şırnağından və aerodinamik sükanlardan istifadə olunur. "Aster-30" raketində tətbiq edilən idarəetmə metodu, tuşlama səhvlərini kompensasiya edir və raketin son uçuş mərhələsində manevr imkanlarını artırır. "Aster-30" raketi istiqamətli qəlpəli-fuqas döyüş başlığı ilə bərabər radiopartladıcı ilə də təchiz olunur.
Passiv fazalı anten barmaqlıqla təchiz olunan çoxfunksiyalı, üç koordinatlı ARABEL RLS-i, 130 müxtəlif hava hədəflərini də eyni zamanda aşkarlayır, tanıyır və müşayiət edir. Bu hədəflərdən 10 ədədinə isə zenit raketlərini tuşlayır.
Fransız-italyan kompleksinin standart zenit batareyası idarəetmə məntəqəsindən 10 km məsafədə yerləşən 6 ədəd atıcı qurğudan ibarətdir. Hər bir kompleksin bütün alt sistemlərinin fəaliyyəti 2 nəfərdən ibarət ekipaj üzvü tərəfindən həyata keçirilir. "Aster-30" hava hücumundan müdafiə sistemi həm müstəqil, həm inteqrasiya olunan HHM sisteminin bir hissəsi kimi, həm də erkən xəbərdarlıq və müşayiət etmə RLS-indən alınan hədəf göstərmə siqnalları ilə fəaliyyət göstərə bilir. ZRK-nı digər elektro-optik kəşfiyyat komplekslərinin tərkibinə inteqrasiya etmək mümkündür.
Kompleksin hər bir batareyası eyni vaxtda müxtəlif hava hədəflərinə 16 ədəd idarəolunan zenit raketi tuşlaya bilər.
ZRK yüksək dərəcədə atəş və minimum reaksiya zamanına malikdir, 8 raket bir atıcı qurğudan cəmi 10 saniyə ərzində buraxıla bilir.
Kompleksin fəaliyyəti
Normal şəraitdə zenit raket kompleksinin döyüş fəaliyyətı aşağıdakı kimi həyata keçirilir. "Həyəcan" siqnalı elan edildikdən sonra, kompleksin operatorları döyüş idarəetmə məntəqəsinin bütün elementlərini döyüş vəziyyətinə gətirərək onların fasiləsiz enerji təchizatını təmin edirlər. Çoxfunksiyalı ARABEL RLS antenası 1 dövr/san sürətilə fırlanaraq azimut üzrə hava məkanının dairəvi görüntüsünü təmin edir. Ehtiyac olduqda, çoxfunksiyalı radara hava hədəflərinin aşkarlanması və məhv edilməsi üçün prioritet məsuliyyət sektoru müəyyən edilə bilər. Göstərilən sektorlarda hava hədəflərinin müəyyən edilməsi və tanınması, hədəfin aşkar edildiyi ilkin koordinatların tədqiqindən (zondlanmasından) istifadə edərək, antenin bir dəfə tam dövrə vurması ərzində baş verir. Təkrar zondlama zamanı hava hədəfinin aşkarlanması təsdiq edildikdə, RLS anteninin növbəti dövrəsi zamanı hədəfin trayekroriyası təyin edilirək sistemin özü ilə əlaqələndirilməyə səbəb olur. Bundan sonra hədəfin marşrutu haqqında məlumat komanda və idarəetmə məntəqəsinə ötürülür və kompleksin operatorlarının ekranlarında göstərilir.
Kompleksin hesablama qurğuları hədəfin aşkarlanma və hərəkət istiqamətinə görə onun ehtimal olunan gələcək koordinatlarını, hərəkət sürətini və xarakterini təyin edə bilir. Hər bir aşkarlanan hədəfə fərdi nömrə verilir. Hədəf kompleksin atəş zonasına daxil olduqda, komanda və idarəetmə məntəqəsi seçilən atıcı qurğulara komanda verir və bu komanda qəbul edilən kimi dərhal 1 və ya 2 "Aster-30" raketi buraxılmaq üçün hazırlanır. Bundan sonra, komanda məntəqəsi raketin buraxılmasına komanda verir.
Atıcı qurğu müvafiq hədəfi məhv etməyə dair komanda aldıqdan sonra hava hədəfinin hərəkət istiqaməti və digər əhəmiyyətli parametrləri barədə, həmçinin şaquli buraxılma zamanı meylilik bucağının göstəricilərinə dair məlumatlar raketin beyninə ötürülür. Eyni zamanda, buraxılacaq zenit raketlərinin hədəflərin ələ keçirilməsi və müşayiət olunması üçün hazırlığı həyata keçirilir. Bundan sonra, raketinin şaquli buraxılışı baş verir və raket NAK-dan ayrılır.
Çoxfunksiyalı radar buraxılan zenit raketinə hədəfi aşkar etməyə və ələ keçirməyə, bundan sonra isə onun trayektoriyasını hesablamağa imkan verir.
Raket NAK-dan buraxıldıqdan sonra müstəqil olaraq hədəfə doğru, nəzərdə tutulan istiqamətə yönəlir.
Kompleksin komanda məntəsinin ekranlarında mərmi uçuşunun trayektoriyası əks olunur. Seçilən hava hədəfinin koordinatları və onun hərəkətlərinin digər parametrləri hər saniyədə yenilənir və hədəflə nəzərdə tutulan görüş nöqtəsinə istiqamətləndirilmək üçün raketə yönləndirilir.
Raket sürətləndiricisi işini dayandırdıqdan sonra kiçik bir gecikmə ilə əsas mühərrik çalışmağa başlayır. Raketin uçuş trayektoriyası elə seçilir ki, onun hədəflə yaxınlaşması, özütuşlanan başlığa hədəfi ələ keçirə bilməsinə imkan versin.
Əsas mühərrik işini başa çatdırdıqdan sonra raket hədəfinə tərəf uçuşunu davam etdirir. Uçuşu idarəetmək üçün qanad və sükanlardan istifadə olunur, zəruri hallarda, uçuş trayektoriyasının son hissəsində yayınma imkanını minimuma endirmək və hava hədəfinə maksimum ziyan vurmaq üçün PIF tuşlama sistemindən istifadə olunur.
1. Hava hədəflərinin məhv edilmə məsafəsi:
- Təyyarələr - 3-100 km;
- Ballistik raketlər - 3-35 km.
2. Hava hədəflərinin məhv edilmə yüksəkliyi - 25 km-ə qədər;
3. Taktiki raketlər kimi hədəflərin ələkeçirilməsi məsafəsi - 600 km.
4. Atıcı qurğuda raket sayı - 8 ədəd;
5. Eyni zamanda hədəfə tuşlanan raket sayı - 10 ədəd;
6. Raketlərin maksimum sürəti - 1400 m/s;
7. Raketlərin orta sürəti 900-1000 m/s;
8. Maksimum yüklənmə:
- 15 km yüksəklikdə - 15g;
- "0"hündürlükdə - 60g.
9. Raketlərin ilkin kütləsi - 510 kq;
10. Raketin döyüş başlığının kütləsi - 15-20 kq.
Azərbaycanın hansı sayda "Aster 30" ZRK sistemləri alacağı barədə məlumat olmasa da, bu komplekslərlə bir ədəd zenit raket divizionunun silahlandırılması, yəni 18 ədəd atıcı qurğunun və 288 ədəd raketdən ibarət 2 döyüş dəstinin əldə edilməsi ehtimal edilir.