Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, vəsaitin xərclənəcəyi əsas istiqamətləri hazırlıq, satınalma, tədqiqat, təkmilləşdirmə, sınaqlar deyə ayırmaq olar.
Yeni büdcədə qüvvələrin artırılmasını göstərir. Ona əsasən 2023-cü ilə qədər əlavə 51500 nəfər hərbi xidmətə cəlb ediləcək. Həmin dövr ərzində 5100 nəfər isə ehtiyata göndəriləcək. Bu da təxminən 3%-lik say artımı deməkdir.
Müdafiə büdcəsində xərclənən vəsaitin ən çox artdığı istiqamət satınalmadır – 15%. Bu təqribən 20 milyard dollar deməkdir. Bu büdcədə əlavə təyyarələr (F-35 və P-8A), gəmilər (DDG-51 və T-AO), kosmik sistemlər (Qabaqcıl Taktiki Atış Vasitələri və Kosmos mərkəzli İnfraqırmızı Sistem) və quru vasitələrin (Ortaq Yüngül Taktiki Vasitələr) alınması var.
Tədqiqat, təkmilləşdirmə, sınaq, qiymətləndirmə istiqaməti isə ən çox artım müşahidə olunan ikinci istiqamətdir. Bu sahəyə ayrılan vəsait ötən ilə nisbətdə 11% artırılacaq. Bunun əsas səbəbi isə Milli Müdafiə Strategiyasının Rusiya və Çinlə olan strateji yarışmaya fokuslanmasıdır. Pentaqon rəqibləri üzərində yenidən mütləq texnoloji üstünlüyün bərpa etmək üçün bu sahəyə ciddi vəsait xərcləməyi planlaşdırır.
Raketdən Müdafiə Agentliyi
Həm satınalma, həm də tədqiqat, təkmilləşdirmə, sınaq və qiymətləndirməyə ayrılan xərclərin bir hissəsi Raketdən Müdafiə Agentliyinə ayrılacaq. Onun büdcəsi ötən ilə nisbətdə 26%, yəni 7,9 milyard dollar artırılıb. RMA xüsusilə GMD, THAAD, “Aegis” sinifli sistemlərə vəsait ayrımağı planlaşdırır.
Quru Qoşunları
Ordunun bu qolu üç hərbi qol arasında büdcəsi ən çox artan bölmədir – 10%. Yeni büdcədə xidmətə əlavə 11500 nəfərin qəbulu nəzərdə tutulub. QQ əsasən modernizasiyaya fokuslanacaq. Həmçinin yeni UH-60 “Blackhawk” helikopterlərinin, yüngül taktiki vasitələrin, M-1 “Abrams” tanklarının yeni versiyalarının alınması nəzərdə tutulub.
Donanma və Dəniz korpusu
Donanma və Dəniz korpusunun büdcəsi təqribən 8% artırılacaq. Bura 7500 əlavə hərbi qulluqçunun qəbulu da daxildir. Əlavə olaraq yeni DDG-51 “Arleigh Burke” sinifli esmineslərin alınması planlaşdırılır.
Hərbi Hava Qüvvələri
ABŞ HHQ-nin büdcəsi ötən ilə nəzərən 6% artacaq. Hazırlığın yüksəldilməsi məqsədilə əlavə 4700 hərbi qulluqçunun işə götürülməsi, təlimlərin, təmir işlərinin və satınalmaların həyata keçirilməsi nəzərdə tutulub. Bu büdcə çərçivəsində F-35A, KC-46A, B-21-lər təkmilləşdiriləcək.
Ağalar Ağalarlı
Ordu.az