Vətən, Torpaq, Bayraq, Əsgər...

2018/04/345_6093088984.jpg
Oxunub: 6970     19:11     09 Aprel 2018    
Qırıla bilməz, qırıldısa, bir cismin, bir bədənin bir əzası kəsilər... Bu, bağlılıq elə simvoludur ki, insan yaranan gündən onu müqəddəs bir varlıq kimi qəbul edir və hər zaman onun varlığını, özünün varlığı kimi qəbul edir... Əsasında rəngli bir parça durur, mənasında isə böyük dünya var. Bayraqların rəngi mütləq olaraq hansısa bir böyük tarix, tarixi simvol, məna dəyərləri daşıyır ki, bu da hər zaman dövlət və dövlətçilik anlamını yazılmayan, yaxud yazılmış başlanğıc, davam və bu günün tarixinin göstəricisidir... Utanma, əsgər, əgər sən Vətəninə xidmətdəsənsə, heç vaxt başını aşağı əymə, dik dur ve fəxr et!

Vətən

Bir-birinə bağlı olan meyarlar deyilmi? Bu meyarlar toplusunda fərqli anlam olsa belə, son durumda hər biri digərini tamamlamaq məcburiyyətindədir. Qırıla bilməz, qırıldısa, bir cismin, bir bədənin bir əzası kəsilər. Xəstə bədəndə isə sağlam ruh ola bilməz!


Sovet İttifaqı Azərbaycana bahar çağında gəldi. 1920-ci il aprelin 27-də son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verdi. Aprelin 28-də Hərbi İnqilab Komitəsi rus bolşeviklərinin lideri Vladimir Leninə “Biz Bakı neftini ələ keçirdik” məzmunlu teleqram göndərdi. Bax beləcə Şərqdə daha bir müstəqil dövlət süqut etdi. İllər uzunu Azərbaycan vətəndaşı özünü öz vətəninin yox, ümumi anlayışda SSRİ-nin vətəndaşı hiss edərək yaşadı. SSRİ psixologiyasi və ideologiyasının əsas xətlərindən biri də ümumi vətəndaşlıq prinsipi, ümumi adət-ənənə, ümumi mentalitet olduğundan insanlar uzun zaman həqiqi Vətənləri haqqında düşünmək, ona bağlılıq prinsipi, onun qorunması xəttindən yan düşdülər. Baxmayaraq ki, Sovet ideologiyasına bağlılıq Azərbaycan vətəndaşı üçün 1920-ci ildən 1941-ci ilə qədər 47 min nəfər repressiya olunan insan bahasına başa gəldi, vətəndaş sovet ideologiyasına bağlılıq prinsiplərindən əl çəkmədi və çəkə də bilməzdi. Bu faktdır. Lakin tarix hərəkət etdiyindən, qurulan bir çox dövlətlərin sonu olduğundan, Sovet İttifaqının da sonu labüd idi. Məramsız müharibələrdə 15 respublikanın gənclərinin həlak olması, müttəfiq respublika əhalisinin milli dəyərlərinin ümumiləşdirilməsi, müstəqil iqtisadiyyatın yolverilməzliyi, ən əsası isə respublikaların sərhədlərinin daim dəyişdirilməsi acınacaqlı sonluğa gətirib çıxaracaqdı. İllər uzunu Sovet İttifaqının Ermənistan Respublikasında baş qaldıran separatçılıq meyllərinə göz yumması, dövlətçilik atributlarının laxladığı dövrdə özünü daha çox göstərməyə başladı. Bu zaman Azərbaycan cəmiyyəti anladı ki, Vətən hüdudsuz Sibir çölləri ilə əhatə olunmuş Sovetlər sərhəddindən yox, məhz Azərbaycandan başlanır.

Vətənin işğalı üçün ayağa duran Azərbaycan fədailəri, münaqişənin ilk günlərindən düşmənlə Vətən, torpaq savaşına girərək bu yolda ölümə hazır olduqlarını bariz göstərdilər. Müəyyən vaxt keçdikcə bütün müasir quruluşlarda olduğu kimi, müəyyən qism Azərbaycan vətəndaşlarında da Avropalaşma meylləri, “Günüm harada xoş keçdisə, ora Vətəndir” anlamları müşahidə olunmağa başladı. Bu, qanunauyğundur. Misal olaraq qızıl mədənlərini götürsək, böyük ərazi yuyulduqdan sonra tonlarla torpaqdan qızılın kiloqramla çıxdığını düşünsək, Vətən anlayışında ən qiymətlilər öndə olub. Baxmayaraq ki, Azərbaycan vətəndaşı bir sıra ölkələrdə iş, biznes, karyera qurur, zaman-zaman onların Vətəninə bağlılığı və Vətən üçün bütün çətinliklərə hazır olduğunun şahidi oluruq. Nankorlar da yox deyil. Bu da reallıqdır. Lakin böyük və saf dağ çayları kənarında kirli su yığını heç zaman diqqəti cəlb etmir. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun apardığı lokal əməliyyatlar zamanı minlərlə vətəndaş məhz Vətəninin savaşına qoşulmaq ücün cəbhəyə axın etdi. Azərbaycan Ordusu əməliyyatları dəqiqliklə və öz hesabına apardığından, vətəndaşlarımızın döyüşlərə qatılmasına zərurət olmasa belə, insanlar bildikləri, bacardıqları yardım və dəstəyi orduya göstərməklə Vətənə bağlılıqlarını bir daha ortaya qoydular. Son olaraq belə qənaətə gəlmək olar ki, Vətən anlamında qəlblərdə yaşayan saf bağlılıq, Vətəni Ana timsalında görməyə bir arqument olaraq nəsillərdən nəsillərə keçəcək.

Torpaq

Bu anlam əslində tək münbit ərazi olaraq müxtəlif qida məhsullarının yetişdirilməsi üçün vasitə deyil. Torpaq yaranışdır... Dünyada olan böyük elmi mərkəzlərdə torpaqsız qida məhsulları yetişdirmək üzrə elmi axtarışlarda nəaliyyətlər olsa belə, insan övladı məhz torpaq anlayışında bütün hipotezləri inkar edir. Bu, bağlılıq elə simvoludur ki, insan yaranan gündən onu müqəddəs bir varlıq kimi qəbul edir və hər zaman onun varlığını, özünün varlığı kimi qəbul edir. Əgər fikir vermisinizsə, bahar aylarında torpağın oyanması ilə, insanlarda yeni bir enerji, yeni həvəs, yeni fərəh yaranır ki, bu da yaşam dövrünün təbii stimullarından başlıcasıdır. Tarix boyu insanlar torpaq üstündə savaşlar aparmış, yağı düşmənin məhz torpağı ayaqlamaması üçün canlarını belə əsirgəməmişdir. Çünki real anlamda torpaq yaranacaq nəsillərə hədiyyə olaraq bağışlanan yeganə və əbədi varlıq nişanəsidir.


1988-ci ildən öz mənbəsini götürən Azərbaycan-Ermənistan münaqişəsinin əsas predmeti də torpaq iddialarıdır. Tarixdəki imperiya başçılarının xəyanəti nəticəsində Azərbaycan öz əzəli torpaqları olan Göyçə, Zəngəzur, İrəvan və s. mahallarını itirsə belə, Qarabağ torpaqlarını itirməklə heç zaman barışmayacaqlarını qarşılarında “ölüm” və yaxud “olum” misalı kimi qoyaraq bu gün də ayaqdadır. Mənəvi tarixə baxanda, qəsbkarların ilhaq etdiyi ərazilərdə Azərbaycan insanının nəsillik tarixi var. Bu tarixlərdə ata-baba, ağsaqqal-ağbirçək, yurd yeri, yaranış nöqtəsi, yaşam tarixi və s. kimi meyarlar bu gün həmən torpaqları məcburən tərk edənlər daxilində heç zaman bu tərketmə ilə barışmayacaqlarına stimul verir. Qarabağ torpaqlarında yaşayan insanlar başqa bölgələrdə yaşayan insanlar kimi bölgə anlayışında unikaldırlar. Saf sulu çaylar, başı qarlı dağlar, göy çəmənlər, münbit torpaqlar, yaylaq-qışlaq yerləri, meşələr diyarının insanları başqa mühitə düşdükləri anda hər zaman mənəvi və psixoloji əzablara məruz qalırlar. Bu insanlar torpaqlarının onların genlərinə həkk etdiyi fərdilikdən, başqa torpaqlarda məhdudluqla yaşayırlar. Burada maddiyyat yox, mənəviyyat anlayışı öndədir. Bizlər o torpaqlarda övladlar böyütdük, toy mağarları qurduq, o torpaqlardan Vətənin müdafiəsinə getdik, həmən torpaqlar uğrunda minlərlə şəhid verdik, əlil olanlar, Qazi olanlarımız var.

Torpaq unudulmur... “Torpaq, onun köksündə dünyadan köçdükdə insanı sakitləşdirir” - bunu mən deməmişəm. Torpaq əmanətdir! Bunu yolunda uzun illər savaşlardan keçən, düşmən sındıran, qanlar axıdan, əzablar çəkən nəsillərimizin əmanəti deyir. “Əmanətə xəyanət olmaz” kimi meyarları rəhbər tutaraq indi onun bir qarışını da düşmənə verməmək üçün şəxsi qəhrəmanlıq salnaməsi yazmağa borcumuz var. Bu salnamələr böyük kitablarda, əsərlərdə, elmi məcmuələrdə yer tutmasa belə, bizim şəxsi tariximizdə, nəslimizin tarixində yer tutacağı şəksizdir. Atalarımızdan gələn belə bir deyim var ki, əgər torpaq səni yedirib-içirirsə, öz nemətləri ilə bəsləyirsə, sənin də torpağa verəcəklərin var. Bu, borcdur. Borcu vaxtında və əvəzsiz ödəmək isə bir şərəf və qürur məsəlidir. Biz bu gün torpaq uğrunda böyük və kiçik müharibə və mübarizələr aparırıqsa, sabah həmin torpağın bunun əvəzini yetişdirdiyimiz nəsillərə verəcəyi şəksizdir. Dünyada çox çiçəklərlə bürünmüş, yaşıl çölləri olan və heç bir maddi və mənəvi problemləri olmayan ərazilər var. Lakin insan övladı hər zaman özünün doğulduğu və keçilməz xatirələri olan torpağa doğru getməkdə davamlıdır. Bu, daxili aləmin mərkəzində yerləşən doğmalıq anlamıdır ki, bu anlam, insan doğulduğu və aləmi dərk etməyə başladığı zaman yaranır. Bu, yaranışın ilkin və son nöqtəsi də torpaqla bağlıdır.

Bayraq

Əsasında rəngli bir parça durur, mənasında isə böyük dünya var. Bayraqların rəngi mütləq olaraq hansısa bir böyük tarix, tarixi simvol, məna dəyərləri daşıyır ki, bu da hər zaman dövlət və dövlətçilik anlamını yazılmayan, yaxud yazılmış başlanğıc, davam və bu günün tarixinin göstəricisidir. Azərbaycan Respublikasının dövlət bayrağı, bir sıra dövlət və dövlətçilik rəmzləri ilə bir sırada duraraq onun var olmasına dünya məkanında işarədir. O, gerb və himnlə birlikdə atributlardan ən vacibidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikasının sənədləri ilə dövlət bayrağı kimi üçrəngli və ay-ulduzlu bayraq təsdiq olundu.


Bayraq sevgimiz böyükdür. Keçmiş olduğumuz Sovetlər dönəmində, əsasən, məcburən partiya və komsomol aktivlərinin evlərində bayraqları görmək olardı. Lakin milli bayrağımıza qovuşduğumuz gündən bayraq bizim sevdiyimiz meyarların başında durdu. Bu gün bayramlara qatılan, tədbirlər keçirən, el şənliklərinə qatılan gənclərimiz ilkin olaraq əllərinə bayrağımızı götürməyi vacib bilirlər. Bayraqlar arasında bayrağımızı dünya tədbirlərində gördüyümüz anda qəlbimiz qürurla döyünür, fərəhlənirik! Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi dövrdən başlanan erməni qəsbkarları ilə döyüşlər anlamında, bayraq döyüşə atılan insanların birinci silahı, birinci təbliğatı, birinci meyarı oldu. Hələ Azərbaycan Ordusunun formalaşmadığı dövrdə, vahid hərbi geyim formasının olmadığı zaman bayraq formalı şevronlar formanın qoluna, papaqların üstünə vurulardı. Tank və texnikanın üzərində bayrağımızın şəkli çəkilərdi. Bu yalnız dövlət simvoluna bağlılıq yox, həm də bayrağın manasına bağlılıq, Vətən sevgisinə hörmət əlamətlərinin bariz göstəricisidi idi. Bayrağa sevgi hər addımda, hətta rəsmi olmayan mərasimlərdə də özünü büruzə verməkdədir. Yaxın tariximizdə toylarda bəy və gəlinin başı üzərində sancaqlanan bayrağımızın olması faktları yetərincədir. Yeni ailə quran gənclər ilk günlərini illər uzunu qan bahasına saxladığımız və yaşatdığımız bayrağın kölgəsindən başlamağı qərara alırlar.

SSRİ-nin ən populyar dərgilərindən olan “Oqonyok” jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun “Qorxu” sərlövhəli məqaləsində bayraq əlində savaşan qəhrəman haqqında yazı yayımlanıb. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi şəkillə müşayiət olunur. Şəkildə Natiq Qasımov göstərilir. Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımızla iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub. Ermənilər 5 gün müddətində kilsədə onlar ilə cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olmuşdular. Sonradan ermənilərin yazdığına görə, Natiq Qasımovdan uzun zaman döyüşməyinin səbəbini sorduqda, o, “Bayrağımı qoyub postu tərk edə bilmərəm” cavabını verib. Bayraq sevgisi döyüşçünü can sevgisindən irəli salmış, ona düşmən toxunmasın deyə son ana qədər vuruşmuş və əsir düşdüyü anda da bayrağı əlindən buraxmayıb. Baxmayaraq ki, böyük və mütəşəkkil qüvvənin qarşısını saxlayarkən Natiq ərazini tərk edə bilərdi, lakin yanındakı bayraq ona bütün həyatı yaşamlardan üstün olduğunu anlatmış və o, savaş qəhrəmanı, döyüş qalibi kimi qəbul edilmişdir. İndi də sosial şəbəkələrdə erməni döyüşçüləri və ağlı başında olan analitiklər illərdir əli bayraqlı, qürurla əsir olarkən addımlayan Azərbaycan döyüşçüsü haqqında hörmətlə yazır və boyunlarına alırlar ki, Qarabağ savaşında erməni tərəfində belə bir nümunə aşkar olunmayıb.

Qarabağ savaşının aprel davamı zamanı da məhz bayrağın düşməndən azad edilmiş ərazilərdə dalğalanması faktı bir qürur mənbəyidir. Əgər fikir vermisinizsə, erməni tərəfi hər zaman informasiya savaşında apreldə duruş gətirdiklərini iddia etdikləri videoçarxların sonunda uzaqdan yüksəklikdə dalğalanan Azərbaycan bayrağını göstərir. Bununla istəmədən Azərbaycan əsgərinin taxdığı bayrağın bir qələbə, bir savaş qazancı, bir döyüş qalibiyyətini ifadə etdiyini vurğulamağa məcbur olurlar. Artıq çiçəklənən və hər zaman irəli addımlayan Azərbaycan anlamını hər bölgədə, hər şəhərdə, hər ucalıqda dalğalanan bayrağımız reallığından kənar anlamağımız qeyri-mümkündür.

Bir kərə yüksələn bayraq, bir daha enməz! Və bu artıq tarixi reallıqdır.

Əsgər

Bu anlayış, hərbi çağırış vərəqini alaraq məcburi qaydada xidmətə yola düşən insan anlamından çox böyükdür. Əsgər libası mülkidə ən bahalı və səliqəli libasdan üstün tutulan libaslardandır. Əsasında Vətəni, dövlətini, torpağını, elini-obasını, evini, ailəsini qorumaq üçün nəfərin dayandığı insanlığın nümunəsini, meyarında qəhrəmanlıq, mətinlik, dözümlük, dirəniş olması vacib amildir.


Yazılmamış əsgər nizamnaməsinə görə, bir əsgər üçün savaş heç zaman bitməz, əksinə onun amalı nəfəs aldığı hər saniyə savaşmaqdır. Döyüş taktikalarından nəticə çıxarmaqla tətbiq etmək və bu tətbiq ilə maariflənmək hər əsgərin başlıca borcudur. Bir əsgər müharibə meydanında qədəmli olaraq komandirini itirərsə, onun vəzifəsini icra etmə qabiliyyətinə malik olmalıdır, müharibə meydanı masa arxasına bənzəməz, qərarlar tez və dəqiq şəkildə qəbul edilməlidir. İlk öncə olmağınız gərəkən şey əsgər olmağınızdır! Uniforma geyinib, silaha qurşanıb film qəhrəmanı Rembo stili ilə poz verib şəkil çəkdirmək yox, geyindiyiniz uniformanın məsuliyyətini dərk edəcək şəkildə əsgər olmalısınız, şəxsi vəzifə borcunuzdan tutaraq ən üst təbəqələrə qədər vəzifə borcunuzu dərk etməlisiniz. Cəsarət sadəcə şanslı olduğu təqdirdə əsgəri irəli çəkər ki, bu yol da uzun sürməz, əsgərin ən güclü silahı zəkadır və zəkanız sizi cəsur da edər, yüksəldər də!

Azərbaycanın öz ərazilərini azad etməsi üçün qalxdığı müharibə və mübarizə çöllərində minlərlə əsgərlərin rəşadət və qəhrəmanlıq tarixi var. Mübariz İbrahimov, Fərid Əhmədov və digərləri rütbə etibarı ilə zabit olmalarına baxmayaraq, məlum anlamda müsəlləh əsgər olublar. Bu insanlar Azərbaycan əsgəri, Vətən savaşının döyüşçüsü anlamında gənc nəsilə barışmamazlıq, mətanətlilik, döyüşkənlik tərbiyəsi tədrisi qoyublar. Minalanmış ərazini keçərək böyük sayda düşmən əsgərini məhv edən Mübariz İbrahimov haqqında hətta rusiya prezidenti Vladimir Putin də toplanışlarında danışıb və vurğulayıb ki, mən belə nümunələri düşünülmüş film səhnələrində görmüşəm.

Savaş çölündə nümunə anlamında saysız əsgərlər vardır ki, onların çoxunun adı hələ də ictimaiyyətə məlum deyil. Əsgər anlamında bir saat belə düşmənə dirəniş göstərmək artıq əsgərdən “qəhrəman əsgər”ə çevrilmək kimi anlaşılmalıdır. Əsgəri tərbiyə, unikalı tərbiyə anlayışıdır ki, insanlar ordudan tərxis olunandan sonra da illər uzunu bu tərbiyə və təlimin bəhrəsindən yararlanırlar. Bu həm də kollektivçilik, komandaçılıq, birlik tərbiyəsidir.

Elmi araşdırmalar göstərir ki, əsasən gənclərin bir çoxu müasir anlamda qapalı olaraq virtual aləmlə yaşayır. Bu, onlara real aləmə adaptasiya olan zaman böyük çətinliklər yaradır. Bunun da ən böyük və təsirli çarə baxımından həlli, məhz əsgəri xidmətdir. Gənc burada özündə olmayan keyfiyyətləri tapır, bacara bilmədiyi problemləri bölüşməklə onların tədricən aradan götürülməsinə nail olur, komanda anlayışında məsələlərin həllini öyrənir. Əsgər olmaq hal-hazırki dövrdə şərəf məsələsi kimi tanınaraq vacib və təxirəsalınmaz vəzifə anlamı kimi qəbul olunması bəyənilən bir anlamdır.

Son zamanların ən çox verilən sualı: Niyə məmur və imkanlı övladları xidmətdən yayınır?

Əsgər danışır...

Bir gün ağır təlimdən sonra dincəlirdik, Vətən sevgisi haqqında danışan komandirimizə əsgərlərdən biri sual verdi: “Komandir, Vətən sevgisi təkcə kasıblar üçündürmü? Niyə bəzi imkanlılar fiziki sağlamlıqları yerində olduğu halda hərbi xidmətdən yayınırlar?”

Təcrübəli komandirimiz əsgərə baxıb gülümsədi və dedi:

- Bax, əsgər, dinimizə ve mentalitetimizə görə, Vətən və ana namusdandır, sağlamlıqları imkan verdiyi halda Vətəninə, namusuna xidmət etməkdən yayınanlar namusunu bizə bu yolda canından keçməyə hazır olanların ümidinə etibar edənlərdir. Oğlum, əgər sən də namusunu bizim ümidimizə saxlayıb evinə gedib rahat yata bilərsənsə, gədək qərargahdan sənin hərbi biletini alıb verim, get evində rahat yat...

Əsgər verdiyi sualdan çox utanmışdı. Başını aşağı əydi, bunu görən komandir ona tərəf getdi və onun çənəsindən tutub başını qaldırıb dedi: “Utanma, əsgər, əgər sən Vətəninə xidmətdəsənsə, heç vaxt başını aşağı əymə, dik dur ve fəxr et!”

İnsan olmaq, Vətəndaş olmaq, sakin olmaq, övlad olmaq, ər olmaq, dost olmaq, qardaş olmaq - bütün bunların həndəsi və riyazi toplaması Vətən əsgəri olmaqdır. Yaşımıza, sosial vəziyyətimizə, dini əqidəmizə, həyati baxışlarımıza baxmadan əsgər olanlardan qərar versin yaradan bizləri və bu arzu və duaya mən “Amin!” dedim. Siz də deyin!

Abuzər Əbilov
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən   Torpaq   Bayraq   Əsgər  


Bizi "telegram"da izləyin