Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Kütahya təşkilatının toplantısında çıxışında deyib.
Türkiyə prezidentinin sözlərinə görə, Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgərlik edir.
"Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgərlik etdiklərini düşünürlər. Bizim gözümüzdə adı nə olursa olsun, terrorçulardan ibarət hər cür təşkilatın adı terror təşkilatıdır. Yox, Suriya Demokratik Qüvvələri imiş, yox, sərhəd ordusu imiş, siz kim aldadırsınız? Bu təşkilatın adı PKK-dır, PYD-dir, YPG-dir. Bunu özləri də bildikləri halda, bizi və dünyanı aldatmaq üçün mayallaq aşırlar. Biri "ordu quracağıq" deyir, digəri "belə bir məqsədimiz yoxdur" deyir, başqası "sərhəd mühafizə qüvvələri quracağıq" deyir. Bunların bir-birindən xəbəri yoxdur. Üstəlik, "təşəbbüslərimiz Türkiyəni hədəf almır" deyirlər. Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq. Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər", - deyə Ərdoğan bildirib.
Prezidentin açıqlamasından sonra Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb. Hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki qabaqcadan müəyyənləşdirilmiş mövqelərini bombalamağa başlayıb.
Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirmək mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı qeyd edilir.
Məlumatların ardınca Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir: "Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”.
Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb.
Ağalar Ağalarlı
Ordu.az