Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri “Gürcüstanda kürdlər xristianlığı qəbul edir, bəs ermənilər pravoslavlığa keçir?” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, Gürcüstandakı erməni vətəndaşların təxminən 140 mini erməni dilini ana dili kimi göstərib.
“İyunun 21-də Tbilisidəki Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın patriarx-katolikosu III Şio Gürcü Pravoslav Kilsəsinin kürd-yezidi icmasına xeyir-dua verib. Həmin gün o, xristianlığı qəbul etmiş kürd və yezidilərin din xadimi Maday Vardapetlə də görüşüb. Bildirilir ki, Maday vardapet kafedralda kürmanci dilində İohann Zlatoustun duasını səsləndirib”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, kürdlər əsasən sünni islamına etiqad edir, yezidilər isə milli dinə mənsubdurlar.
“Bununla belə, Maday Vardapet “kürmanci dilinin qədim gürcü dili ilə birlikdə Gürcü Pravoslav Kilsəsinin ikinci rəsmi dili olacağını” bəyan edib. Bu məlumatlar Rusiyanın “Nezavisimaya qazeta” nəşri tərəfindən dərc olunub. Həmin nəşr kürdlərin və yezidilərin “xristianlaşdırılması”nı qeyri-adi hal kimi qiymətləndirərək bildirib ki, Gürcü Pravoslav Kilsəsi hətta yerli pravoslav ermənilər üçün belə erməni dilində ibadətlərin keçirilməsinə çətinliklə icazə verir”, - deyə məqalədə qeyd olunub.
Məqalə müəllifinin fikrincə, bu məlumatlardan Gürcüstan ermənilərinin müəyyən hissəsinin Erməni Apostol Kilsəsinə deyil, Gürcü Pravoslav Kilsəsinə mənsub olduğu qənaətinə gəlmək olar.
“Onlar yeni din dəyişən şəxslər deyil. Lakin Gürcü Pravoslav Kilsəsi müsəlman kürdləri xristianlığa cəlb edirsə, oxşar fəaliyyətin Gürcüstandakı erməni icmasına da yönələ biləcəyi ehtimalı yüksəkdir”, - deyə nəşr vurğulayıb.
Məqalədə bildirilir ki, Gürcü Pravoslav Kilsəsi faktiki olaraq Abxaziya və Cənubi Osetiyadakı kanonik ərazilərini itirib və bu şəraitdə öz təsirini xristian ermənilər arasında genişləndirmək kilsə üçün prioritet istiqamətlərdən birinə çevrilə bilər.
“Kilsələrarası münasibətlər bəzən dövlətlərarası münasibətlərdən daha mürəkkəb olur. Bununla belə, Üçmüədzin kilsəsinin Gürcüstan Erməni Yeparxiyasında görəcəyi işlər kifayət qədərdir”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az