Cənubi Koreyanın PUA strategiyası Türkiyənin modelini izləyir

2026/06/1782489006.jpg
Oxunub: 235     19:44     26 İyun 2026    
Cənubi Koreya Şimali Koreyadan qaynaqlanan təhlükələr fonunda 500 min “Pilotsuz Uçuş Aparatı (PUA) döyüşçüsü” hazırlayacağını və 2029-cu ilədək təxminən 60 min yerli istehsal PUA-nı silahlanmaya qəbul edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, plana əsasən PUA-lar quru qoşunları, hərbi dəniz qüvvələri, hərbi hava qüvvələri və dəniz piyadaları arasında bölüşdürüləcək və hər bir hərbçinin standart təchizatının tərkib hissəsinə çevriləcək.

Bundan əlavə, 20 mindən çox aşağı xərcli kamikadze PUA, süni zəka dəstəyi ilə işləyən sürü sistemləri və “gəzən sursat” da Cənubi Koreya ordusunun silahlanmasına daxil ediləcək.

Cənubi Koreyanın müdafiə naziri An Gyu Bek təhlükəsizlik səbəbindən istehsal ediləcək bütün PUA sistemlərində Çin mənşəli hissələrdən istifadə edilməyəcəyini və onların tamamilə yerli istehsal komponentləri ilə hazırlanacağını açıqlayıb.

Nazirlik həmçinin lazer silahlarının və yüksək güclü mikrodalğalı (HPM) antidron sistemlərinin geniş tətbiq ediləcəyini, qoşun komandanlıqlarının kəşfiyyat və zərbə tapşırıqlarını öz PUA parkları ilə yerinə yetirə biləcəyi yeni strukturun formalaşdırılacağını bildirib.

SAHA 2026 məlumatlandırma toplantısında çıxış edən “Baykar”ın baş direktoru Haluk Bayraktar bildirib ki, Türkiyənin 81 vilayətində PUA təlim və istehsal mərkəzləri yaradılacaq və milyonlarla PUA istehsal edə biləcək potensial formalaşdırılacaq.

Onun sözlərinə görə, yaradılacaq mərkəzlər yalnız istehsal müəssisələri olmayacaq, həm də gənclərin təhsil ala, hazırladıqları sistemləri sınaqdan keçirə və yerli PUA ekosisteminin inkişafına töhfə verə biləcəyi texnologiya mərkəzləri kimi fəaliyyət göstərəcək.

Haluk Bayraktar əlavə edib ki, məqsəd ehtiyac yarandığı zaman ölkə üzrə milyonlarla PUA istehsal edə biləcək paylanmış istehsal infrastrukturunun yaradılmasıdır.

Məlumata görə, hazırda dünyanın bir çox ölkəsi oxşar yanaşmanı mənimsəməyə başlayıb.

Cənubi Koreyanın açıqladığı yeni proqram geniş PUA hazırlığı, yerli istehsal imkanlarının artırılması, aşağı xərcli insansız sistemlərin istehsalı və PUA-ların hər bir hərbçiyə qədər geniş yayılması baxımından Türkiyənin son dövrlərdə ortaya qoyduğu istehsal və insan resurslarına əsaslanan PUA konsepsiyası ilə diqqətçəkən oxşarlıqlar nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Türkiyə   PUA  


Bizi "telegram"da izləyin