Kamil Xasiyev: "İşğala son qoyulması Cənubi Qafqazda davamlı sülhə yol açıb"

2026/06/Ekran-1782243013.jpg
Oxunub: 168     23:20     23 İyun 2026    
Hərbi işğala son qoyulması Cənubi Qafqazda davamlı sülh, sabitlik və iqtisadi inkişaf üçün aydın yol açıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Belqrad şəhərində 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

"Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrimiz ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün yenidən döyüş meydanında mübarizə aparmaq məcburiyyətində qalıb", - deyə o əlavə edib.

Diplomat 1990-cı illərin əvvəllərində Ermənistan hərbi təcavüzü nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə də diqqət çəkib:

"Bu təcavüz nəticəsində minlərlə insan qətlə yetirilib və ya hələ də itkin sayılır. 27 il ərzində həmin ölkə bütün qüvvələrini işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayıb. 2020-ci ildə Azərbaycanın rəşadətli Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayaraq işğal olunmuş əraziləri azad edib. Ölkənin ərazi bütövlüyü tam bərpa olunub".

K. Xasiyev söyləyib ki, son bir neçə il ərzində Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir.

O, hərbi əməliyyatların başa çatmasından dərhal sonra Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdiyini xatırladıb: "Bu il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş zamanı Birgə Bəyannamə imzalanıb və Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin layihəsi hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamil-Xasiyev   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin