Fransada Kaya Kallasın vəzifəsinin köklü şəkildə dəyişdirilməsi müzakirə olunur

2026/06/1780328443.jpg
Oxunub: 215     18:23     13 İyun 2026    
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas öz vəzifəsində getdikcə daha çox tənqid olunur və Fransada onun tutduğu postun köklü şəkildə yenidən qurulması variantları müzakirə edilir.

Ordu.az xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Müzakirələrin yeni dalğasına Fransa hakimiyyət dairələri ilə əlaqələndirilən qeyri-rəsmi sənəd səbəb olub.

Sənəddə Kallasın səlahiyyətlərinin ya genişləndirilməsi, ya da əksinə, əhəmiyyətli dərəcədə məhdudlaşdırılması və bəzi funksiyalarının Avropa Komissiyasına və ya Aİ üzv dövlətlərinə verilməsi təklif edilir.

Kallas əməkdaşlarına ünvanladığı məktubda xatırladıb ki, onun səlahiyyətləri Avropa İttifaqının təsis müqavilələri ilə müəyyən olunub və bu səlahiyyətlər yalnız həmin sənədlərə dəyişiklik edilməklə yenilənə bilər.

Tənqidçilər hesab edirlər ki, Kallas hələ də Estoniyanın keçmiş baş naziri kimi davranır və Aİ-nin bütün 27 üzv ölkəsinin dəstəkləməyə hazır olmadığı sərt mövqe nümayiş etdirir.

Narazılıq doğuran məsələlər sırasında onun Çinlə bağlı mövqeyi, Ukraynaya dəstək məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə olunmasına dair çağırışları, ABŞ administrasiyası ilə gərgin münasibətləri və Aİ paytaxtları ilə əvvəlcədən məsləhətləşmədən irəli sürdüyü təşəbbüslər göstərilir.

Eyni zamanda, avropalı diplomatlar bildirirlər ki, problem təkcə Kallasın şəxsiyyəti ilə bağlı deyil.

Onların fikrincə, Aİ-nin xarici siyasət sistemi özü mürəkkəb və xeyli dərəcədə köhnəlmiş strukturdur.

Aİ-nin xarici siyasət rəhbəri həm Avropa Komissiyasının üzvü, həm də Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbəri funksiyasını yerinə yetirir, halbuki əsas xarici siyasət qərarları yalnız bütün üzv dövlətlərin yekdil razılığı ilə qəbul edilir.

Bəzi diplomatların qənaətincə, məhz bu sistem Aİ diplomatiyasının rəhbəri vəzifəsini kimin tutmasından asılı olmayaraq, demək olar ki, “yerinə yetirilməsi mümkün olmayan missiyaya” çevirir.

Onlar qeyd edirlər ki, Avropa diplomatiyasının əvvəlki rəhbərləri də eyni məhdudiyyətlər və problemlərlə üzləşiblər. Əlavə gərginlik mənbəyi kimi Rusiya məsələsində Şərqi və Qərbi Avropa ölkələrinin fərqli yanaşmaları göstərilir.

Kallasın sərt xətti Polşa, Baltikyanı ölkələr və Şimali Avropa dövlətləri tərəfindən dəstəklənsə də, Qərbi və Cənubi Avropanın bir sıra ölkələrində ehtiyatla qarşılanır. Bütün bunların fonunda Kallasla Avropa Komissiyasının sədri Ursula von der Leyen arasında fikir ayrılıqlarının da dərinləşdiyi bildirilir.

Bir sıra diplomatların fikrincə, Avropa Komissiyası son illərdə xarici siyasət sahəsində daha fəal rol almağa başlayıb ki, bu da Aİ diplomatiyasının rəhbərinin mövqeyini daha da zəiflədir.

Bəzi mənbələr hətta Kallas ətrafında gedən hazırkı müzakirələrin Aİ institutları arasında təsir uğrunda daha geniş mübarizənin bir hissəsi olduğunu ehtimal edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Kallas  


Bizi "telegram"da izləyin