DESAN-ın yeni nəsil dəniz platformaları beynəlxalq bazarda diqqət çəkir

2026/06/1781366540.jpg
Oxunub: 239     20:01     13 İyun 2026    
Türkiyənin DESAN gəmiqayırma zavodu hərbi və mülki gəmilərin inşası, təmiri, modernləşdirilməsi və konversiyası sahəsində fəaliyyətini davam etdirərkən, ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrlə inkişafını sürdürür.

Ordu.az xəbər verir ki, “Kaptanoğlu Qrupu”nun tərkibində fəaliyyət göstərən şirkət son dövrlərdə xüsusilə müdafiə sənayesi layihələri və beynəlxalq əməkdaşlıqları ilə ön plana çıxır.

“DESAN Shipyard”ın Biznesin İnkişafı üzrə direktoru Mahmut Karagöz “Defensehere” nəşrinə müsahibə verib.

Karagöz bildirib ki, şirkət İstanbulun Tuzla bölgəsində fəaliyyət göstərən özəl gəmiqayırma zavodudur və fəaliyyət sahəsi kifayət qədər genişdir.

“Biz həm hərbi, həm də mülki gəmilərin yeni inşasını həyata keçirir, eyni zamanda hər iki seqment üzrə təmir, texniki xidmət və modernləşdirmə işləri aparırıq. Keçən il “Atlas” gəmiqayırma zavodunu da tərkibimizə qatdıq. Xüsusilə ixracyönümlü yeni gəmi inşası layihələrində sərbəst iqtisadi zonada yerləşən bu müəssisədən fəal şəkildə istifadə edirik”, - deyə o qeyd edib.

Karagöz hazırda şirkətin üç müxtəlif 100 metrlik platforma üzərində işlədiyini bildirib. Onlardan biri Türkiyə Hərbi Dəniz Qüvvələri üçün hazırlanan “Hisar” sinfinə məxsus Dəniz Patrul Gəmisidir.

Onun sözlərinə görə, “Hisar” sinfi gəmilər xarici bazarlarda da böyük maraq doğurur.

“Bu platforma olduqca effektiv həll təqdim edir və beynəlxalq bazarda ciddi maraq görür. O, daha əvvəl inşa edilən “Ada” sinfinə məxsus korvetlərlə eyni dizayn yanaşmasına əsaslanır. Lakin patrul missiyalarına uyğunlaşdırılması üçün sürəti bir qədər azaldılıb və yeni konfiqurasiya hazırlanıb. Hazırda layihə üzrə işlər davam edir. Xaricdən də çoxlu sorğular və maraq var”, - deyə Karagöz vurğulayıb.

Şirkətin digər mühüm layihəsinin Malayziya üçün inşa edilən çoxməqsədli sahil mühafizə gəmisi olduğunu bildirən Karagöz qeyd edib ki, 99 metr uzunluğunda olan platformanın ikinci gəmisinə dair müqavilə bu il aprelin 21-də Malayziyada imzalanıb.

“Bu gəmilər ana gəmi konsepsiyası üzrə fəaliyyət göstərəcək. Platformada dörd sürətli müdaxilə kateri və iki pilotsuz uçuş aparatı yerləşdiriləcək”, - deyə o bildirib.

Karagöz qeyd edib ki, bu tip platformalar xüsusilə geniş dəniz məsuliyyət zonalarına malik ölkələr üçün mühüm üstünlüklər yaradır.

“Malayziya kimi böyük məsuliyyət sahələrinə malik ölkələr üçün bu platformalar əhəmiyyətli imkanlar təqdim edir. Bundan əlavə, ikinci layihə çərçivəsində Malayziyaya bir insansız dəniz platforması da təhvil veriləcək”, - deyə o əlavə edib.

Şirkət nümayəndəsi layihələrin vaxtından əvvəl təhvil verilməsini DESAN-ın əsas üstünlüklərindən biri kimi qiymətləndirib.

“Malayziya layihəsini cəmi 24 ay ərzində tamamlamağı planlaşdırırıq. Hətta onu nəzərdə tutulandan daha tez təhvil verməyi hədəfləyirik. Bu günə qədər bütün hərbi layihələrimizi vaxtından əvvəl və büdcə çərçivəsində tamamlamışıq. Məhz bu performansımız sayəsində ilk gəminin inşası davam etdiyi halda ikinci gəmi üçün də müqavilə imzalamaq imkanı əldə etdik”, - deyə Karagöz bildirib.

O, həmçinin Malayziyadakı investisiyalara da toxunub.

“Kuala Lumpurda keçirilən DSA sərgisi çərçivəsində Malakka şəhərində yaradılacaq yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimini keçirdik. Bu müəssisə yerli tərəfdaşlar və dövlət iştirakı ilə fəaliyyət göstərəcək. Lakin bilik transferi və idarəetmə sahəsində məsuliyyət bizim üzərimizdə olacaq. Hesab edirik ki, bu layihə Malayziyanın dənizçilik sənayesi üçün mühüm dönüş nöqtəsi olacaq”, - deyə Karagöz vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DESAN   Türkiyə  


Bizi "telegram"da izləyin