ABŞ-dən yeni PUA sürüsü: Yerə enmədən fasiləsiz fəaliyyət göstərə bilir

2026/06/1781339380.jpg
Oxunub: 324     12:29     13 İyun 2026    
ABŞ-də hazırlanan SWARM layihəsi simsiz enerji ötürülməsi və süni zəka texnologiyalarını birləşdirərək fasiləsiz fəaliyyət göstərə bilən yeni nəsil Pilotsuz Uçuş Aparatı (PUA) sürülərinin yaradılmasını hədəfləyir.

Ordu.az xəbər verir ki, bu barədə layihəni hazırlayan “Reach Power” və “Gambit” şirkətləri məlumat yayıb.

Məlumata görə, ABŞ Müharibə Nazirliyi tərəfindən dəstəklənən layihə kiçik PUA-ların yerə enmədən, batareya dəyişmədən və insan müdaxiləsi olmadan uzun müddət fəaliyyət göstərməsinə imkan yaradacaq.

Sistemin əsasını “Reach Power” şirkətinin hazırladığı radio tezlikləri əsasında simsiz enerji ötürmə texnologiyası təşkil edir.

Bu texnologiya sayəsində PUA-lar uçuş zamanı müəyyən edilmiş nöqtələrə yaxınlaşaraq havada olarkən enerji qəbul edə bilirlər. Beləliklə, onların bazaya qayıtmasına və ya fiziki şəkildə enerji mənbəyinə qoşulmasına ehtiyac qalmır. Layihənin digər vacib komponenti isə “Gambit” şirkətinin hazırladığı süni zəka əsaslı sürü idarəetmə proqramıdır.

Bu proqram hər bir PUA-nın enerji səviyyəsini, tapşırıq prioritetlərini və yaxınlıqdakı enerji ötürmə nöqtələrini daimi analiz edir. Nəticədə aparatların marşrutu, enerji qəbul vaxtı və vəzifə bölgüsü avtomatik müəyyən edilir. Layihənin əsas istifadə sahələri arasında kəşfiyyat və müşahidə əməliyyatları, sərhəd təhlükəsizliyi, hava hücumundan müdafiə sistemləri, anti-PUA vasitələri və hərbi bazaların mühafizəsi göstərilir.

Mütəxəssislər hesab edirlər ki, sistem xüsusilə fasiləsiz kəşfiyyat, müşahidə və məlumat toplama əməliyyatları üçün böyük əhəmiyyət daşıya bilər. Bununla belə, simsiz enerji ötürmə sistemlərinin təsir radiusu, hava şəraitindən asılılığı və radioelektron mübarizə şəraitində etibarlılığı ilə bağlı sualların hələ də açıq qaldığı qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin