Medvedev Rusiyanın yeddi əsas çağırışını açıqladı: Kreml seçkilərə hansı gündəmlə gedir?

2026/06/1781327477.jpg
Oxunub: 289     09:17     13 İyun 2026    
Hakim “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev iyunun 11-də seçki proqramının hazırlanması üzrə ekspert qrupunun iclasını keçirib. Bu barədə TASS məlumat yayıb. Məlumata görə, Medvedev ekspertlərə Rusiyanın “yeddi əsas çağırışını” nəzərə almağı tapşırıb.

Onun qiymətləndirməsinə görə, ilk ciddi problem demoqrafik vəziyyətdir. İkinci yerdə Medvedev “kadr və yeni peşə çatışmazlığını” qeyd edib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini üçüncü “sistemli çağırış” kimi “regionların qeyri-bərabər inkişafını” göstərib. Dördüncü yerdə Medvedev “xarici çağırışları” vurğulayaraq əlavə edib ki, “Rusiya hətta bu şəraitdə də inkişaf etməlidir”.

“Vahid Rusiya”nın sədrinin sözlərinə görə, Rusiyanın beşinci çağırışı “süni zəkanı, insansız sistemləri, kosmik texnologiyaları və robotlaşdırmanı əhatə edən texnologiya sahəsidir”. Medvedev sadaladığı məsələləri “ideoloji çağırışların aradan qaldırılması və Rusiyanın təhlükəsizliyinin təmin edilməsi” prioriteti ilə yekunlaşdırıb.

Diqqət çəkən məqam ondan ibarətdir ki, “Vahid Rusiya”nın seçki proqramının əsas müddəaları, ən azı Medvedevin sadaladığı prioritetlər baxımından, sosial populizm elementlərindən uzaqdır. Görünür, hakim elitanın xalqa təqdim edəcəyi “şirin vədlər” yoxdur və ya belə vədlərə ehtiyac görmür.

Parlamentin aşağı palatası olan Dövlət Dumasına seçkilərin sentyabr ayında keçirilməsi gözlənilir. Seçkilərdə “Vahid Rusiya” ilə yanaşı kommunistlər, Liberal-Demokrat Partiyası və “Ədalətli Rusiya” partiyası da iştirak edəcək. Dövlət Dumasına seçkilər həm proporsional, həm də majoritar seçki sistemi ilə keçirilir.

Böyük ehtimalla sosial-iqtisadi problemlər və onların həlli perspektivlərinin təbliğatını kommunistlər həyata keçirəcəklər. Kommunist Partiyasının lideri Gennadi Züqanov Dövlət Dumasının tribunasından Mişustin hökumətini sərt tənqid edib. Ekspertlər arasında belə bir təəssürat var idi ki, Putin Dövlət Dumasına seçkilərdən əvvəl “gərginliyi azaltmaq” üçün hökuməti istefaya göndərəcək, lakin bu baş verməyib. Beləliklə, hakim partiya seçkilərə mürəkkəb iqtisadi şəraitdə gedəcək.

Medvedevin “yeddi tezisi”, ehtimal ki, Rusiya cəmiyyətinin elit təbəqələrinə ünvanlanıb. Ukraynaya qarşı müharibədən sonra Rusiyada “beyin axını” təhlükəli həddə çatıb. Rusiya iqtisadiyyatının hətta ən inkişaf etmiş sahəsi olan hərbi-sənaye kompleksi belə böyük ölçüdə xarici texnologiyalardan asılıdır. Bu problemin necə həll ediləcəyi barədə isə Medvedevin “prioritetləri” cavab vermir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Rusiya  


Bizi "telegram"da izləyin