İran və ABŞ razılaşmaya yaxınlaşır: “Qarşılıqlı anlaşma memorandumu” nə vəd edir?

2026/06/1781327612.jpg
Oxunub: 236     09:24     13 İyun 2026    
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmayıl Bəqayi bəyan edib ki, ABŞ ilə “sülh sazişinin mətni üzərində işlər demək olar ki, başa çatıb”. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, “qarşılıqlı anlaşma memorandumu imzalanmağa hazırdır”. Onun sözlərinə görə, imzalanma mərasimi qarşıdakı bazar günü Avropada baş tuta bilər. ABŞ tərəfdən sənədi böyük ehtimalla vitse-prezident Vens imzalayacaq.

Tərəflərdən heç biri “qarşılıqlı anlaşma memorandumu”nun təfərrüatlarını açıqlamayıb. ABŞ prezidentinin sözlərinə görə, İran “heç vaxt nüvə silahına malik olmamaq öhdəliyi götürüb”. İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məsələnin necə həll ediləcəyi barədə isə hələlik heç bir dəqiq məlumat yoxdur.

Maraqlıdır ki, ABŞ Prezidenti İranla “razılaşmanın” əldə olunmasına töhfə vermiş ölkələrin adlarını sadalayıb. Həmin siyahıda Rusiya və Çin yer almayıb. Bu isə İran-ABŞ nizamlanması prosesinə Moskva və Pekinin cəlb edilmədiyini göstərir.

Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı apardığını açıqlayıb. Netanyahu administrasiyası bununla bağlı yaydığı rəsmi məlumatda bildirib ki, İsrailin Baş naziri ABŞ Prezidentinə İranın nüvə silahına malik olmayacağı, raket proqramını məhdudlaşdıracağı və regiondakı proksi qüvvələrə dəstəyini azaldacağı ilə bağlı təşəkkürünü ifadə edib.

İran-ABŞ “qarşılıqlı anlaşma memorandumu”nun Tehran üçün həqiqətən belə öhdəliklər nəzərdə tutub-tutmadığını, yoxsa İsrailin Baş nazirinin daxili təzyiqlərdən sığortalanmaq məqsədilə bu məlumatı yaydığını müəyyənləşdirmək çətindir.

Ümumiyyətlə, İran və ABŞ-nin bazar günü və ya yaxın gələcəkdə müharibəyə son qoyulması ilə bağlı sənəd imzalayacağına dair heç kimdə tam əminlik yoxdur. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-ni “prinsipsizlikdə” ittiham edib və sənədin razılaşdırılması prosesinin məhz bu səbəbdən gecikdiyini bildirib.

Yarana biləcək əsas maneə İslam Respublikasının ali dini rəhbərinin razılığı ilə bağlı məsələdir. Müctəba Xameneyinin “sazişin imzalanmasına icazə verdiyi” barədə yayılan məlumatlara baxmayaraq, bununla bağlı hələ də rəsmi açıqlama verilməyib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin