“Anthropic”in etirafı: SZ nəzarətdən çıxır?

2026/06/1781326997.jpg
Oxunub: 208     09:01     13 İyun 2026    
Süni Zəka (SZ) texnologiyalarını inkişaf etdirən şirkətlərdən biri olan “Anthropic” bir neçə gün əvvəl yayımladığı “When AI Builds Itself” (SZ özünü qurduqda) adlı yazı ilə SZ texnologiyalarının gələcəyi ilə bağlı mühüm xəbərdarlıq edib. Yazının mərkəzində ingilis dilində “recursive self improvement” adlandırılan, Azərbaycan dilinə “rekursiv özünü inkişaf etdirmə” kimi tərcümə edilə bilən anlayış dayanır. “Anthropic” bu anlayışı insan müdaxiləsi olmadan bir SZ sisteminin özündən daha bacarıqlı varisini layihələndirib öyrədə bilməsi kimi izah edir. Şirkət hələ bu həddə çatılmadığını və belə bir nəticənin qaçılmaz olmadığını vurğulasa da, sözügedən inkişafın bir çox qurum və dövlətin hazır olduğundan daha tez baş verə biləcəyi barədə xəbərdarlıq edir.

SZ-də yeni hədd

Bu xəbərdarlığı mühüm edən məqam ondan ibarətdir ki, bu fikir abstrakt gələcək təsəvvürlərindən deyil, məhz şirkətin öz fəaliyyətindən çıxış edilərək səsləndirilir. “Anthropic”in açıqladığı məlumata görə, qurumun kod bazasına əlavə edilən kodların 80 faizdən çoxu 2026-cı ilin may ayına olan vəziyyətə görə “Claude” tərəfindən yazılır. İki il əvvəl cəmi bir neçə faiz təşkil edən bu göstərici bu gün SZ-nin inkişaf etdirilməsi prosesinin mühüm hissəsinin yenə SZ tərəfindən həyata keçirildiyini göstərir.

Başqa sözlə, SZ-ni yaradan insan amili tədricən geri çəkilir, SZ-nin öz inkişaf prosesindəki payı isə sürətlə artır.

Əsas və həlledici məsələ də məhz burada başlayır. İnsan artıq yalnız istehsal edən deyil, istiqamətləndirən, müşahidə edən və son mərhələdə təsdiqləyən mövqeyə doğru sıxışdırılır. Bu, ilk baxışdan məhsuldarlığın artması kimi görünə bilər. Həqiqətən də, SZ-nin kod yazması, tədqiqat proseslərini sürətləndirməsi, elmi kəşflərə töhfə verməsi və səhiyyə kimi sahələrdə bəşəriyyətə böyük faydalar gətirməsi mümkündür. Lakin eyni proses insanların SZ sistemləri üzərində nəzarəti itirməsi ehtimalını da özü ilə gətirir. “Anthropic”in açıqlamasını əhəmiyyətli edən də məhz bu “dürüstlükdür (!)”. Şirkət hazırladığı texnologiyanın yalnız imkanlarını deyil, həm də nəzarətsiz hala gəlmə riskini açıq şəkildə qəbul edir.

Texnoloji rəqabətdən kənarda, inhisarlaşma riski

Əgər rekursiv özünü inkişaf etdirmə reallığa çevrilərsə, bu texnologiyaya ilk sahib olan aktorların üstünlüyü yalnız müvəqqəti üstünlük kimi qalmayacaq, eyni zamanda qalıcı və kompensasiya edilməsi çətin olan rəqəmsal asimmetriyaya çevriləcək. Çünki öz varisini yarada bilən SZ sistemi hər yeni inkişaf dövründə rəqibləri ilə arasındakı fərqi daha da artırmaq potensialına malik olacaq.

Bu vəziyyət klassik mənada texnoloji rəqabətdən daha çox, yeni güc konsentrasiyası və inhisarçı qabiliyyət istehsalı deməkdir. Çünki bu mərhələdə əsas məsələ artıq kimin daha yaxşı model hazırladığı deyil, kimin özünü inkişaf etdirən zəka dövrəsini daha əvvəl qurduğu olacaq.

Bu məqamda məsələ beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından da son dərəcə mühüm bir ölçü qazanır. Con Mirşaymerin hücumçu (ofensiv) realizm anlayışında vurğuladığı kimi, beynəlxalq sistemdə güc yalnız sahib olunan potensial deyil, eyni zamanda aktorların gündəmi müəyyənləşdirmək və digər aktorların davranış sahəsini məhdudlaşdırmaq qabiliyyətidir. Eyni şəkildə, SZ dövründə özünü inkişaf etdirən model dövrəsini quran aktor yalnız texnoloji üstünlük əldə etmiş olmayacaq, həm də beynəlxalq mühitin strateji gündəmini formalaşdırmaq imkanına sahib olacaq. Başqa sözlə, rekursiv SZ qabiliyyəti gələcəyin güc arxitekturasında yalnız bir vasitə deyil, birbaşa gündəm formalaşdıran geosiyasi qabiliyyətə çevrilə bilər.

Qanuni, nəzarət edilə bilən və çoxsəviyyəli qlobal idarəetmənin zəruriliyi

Dövlətlər üçün digər risk sahələrindən biri isə rəqəmsal asimmetriyanın epistemik asılılığa çevrilməsidir. Məlumatı istehsal edən, emal edən, təsnifləşdirən və təsdiqləyən infrastrukturun müəyyən texnologiya mərkəzlərində cəmləşməsi digər aktorları yalnız texnologiyanın deyil, həm də həmin texnologiya vasitəsilə yaradılan bilginin, qərarların və məna dünyasının asılı istehlakçılarına çevirə bilər. Buna görə də rekursiv özünü inkişaf etdirmə ehtimalı yalnız daha güclü SZ modellərinin meydana çıxması demək deyil. Bu, eyni zamanda suverenliyin məlumatlar, alqoritmlər, hesablama qabiliyyəti və koqnitiv infrastrukturlar üzərindən yenidən müəyyənləşdirildiyi yeni beynəlxalq nizamın xəbərçisidir. Buna görə də rəqəmsal muxtariyyət artıq texniki qabiliyyət məsələsi deyil, suverenliyin yeni həddi kimi qiymətləndirilməlidir.

“Anthropic”in təklif etdiyi qlobal koordinasiya çağırışı da məsələni birbaşa beynəlxalq siyasətin mərkəzinə daşıyır. Şirkətin bu hədd aşılmadan əvvəl inkişafın yavaşladılması və ya müvəqqəti olaraq dayandırılması imkanının qorunub saxlanılmasının vacibliyini müdafiə etməsi SZ üzərində nəzarətin artıq yeni bir silahlara nəzarət məsələsi kimi qiymətləndirildiyini göstərir. Lakin SZ sahəsində nəzarət problemi nüvə silahlarına nəzarətdən qat-qat mürəkkəb xarakter daşıyır. Təlim prosesini gizlətmək raket buraxılış meydançalarını gizlətməkdən daha asandır. Məlumat mərkəzləri, çiplər, proqram təminatları və model arxitekturaları həm mülki, həm də strateji məqsədlərlə istifadə oluna bilər. Bundan başqa, bu sahədə qaydaları səssiz şəkildə pozaraq irəli çıxmağın qazancı son dərəcə yüksəkdir. Buna görə də yalnız xoş niyyətə əsaslanan könüllü yavaşlatma rejimləri kifayət etməyəcək. Əsl ehtiyac dövlətləri, texnologiya şirkətlərini, beynəlxalq təşkilatları, akademik dairələri və cəmiyyətləri əhatə edən qanuni, nəzarət edilə bilən və çoxsəviyyəli qlobal idarəetmə arxitekturasıdır.

Türkiyənin milli suverenlik və rəqəmsal diplomatiya təşəbbüsü

Bu mənzərənin Türkiyə baxımından ortaya qoyduğu nəticə son dərəcə aydındır. SZ-nin gələcəyi ilə bağlı qaydaların, normaların və nəzarət mexanizmlərinin yenidən formalaşdırıldığı bir dövrdə Türkiyənin bu müzakirələrin yalnız müşahidəçisi olması təsəvvür edilə bilməz. Əksinə, Türkiyə bu prosesin həm mənəvi, həm diplomatik, həm də strateji ölçülərində fəal rol üzərinə götürməlidir. Çünki məsələ yalnız texnoloji rəqabətə uyğunlaşmaqdan ibarət deyil. Məsələ bəşəriyyətin gələcəyinə təsir göstərəcək bir sahədə kimin söz sahibi olacağı, kimin norma formalaşdıracağı və kimin legitimlik zəmini quracağı məsələsidir.

Türkiyənin müxtəlif bloklar, regionlar və sivilizasiya hövzələri arasında körpü yarada bilən diplomatik təcrübəsi koqnitiv diplomatiya dövründə mühüm strateji imkana çevrilir. Qlobal Şimalla Qlobal Cənub arasında, Qərb ittifaqı ilə yüksələn güc mərkəzləri arasında, həmçinin dövlət mərkəzli beynəlxalq nizamla texnologiya mərkəzli yeni güc strukturları arasında tarazlıq yarada bilən Türkiyə SZ idarəçiliyində daha ədalətli, daha inklüziv və daha qanuni bir nizamın norma təşəbbüskarı ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “daha ədalətli dünya mümkündür” vizyonu bu baxımdan yalnız klassik beynəlxalq siyasət üçün deyil, rəqəmsal dövrün idarəetmə arxitekturası üçün də əhəmiyyətli bələdçi xarakteri daşıyır. Çünki SZ-nin gələcəyi yalnız texnologiyanın gələcəyi deyil, eyni zamanda həqiqətin, suverenliyin və ədalətin də gələcəyidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anthropic   SZ   Süni-zəka  


Bizi "telegram"da izləyin