Pakistan Səudiyyə Ərəbistanına təxminən 8 min hərbçi, döyüş təyyarələri eskadrilyası və HHM sistemləri yerləşdirib

2026/05/1779211360.jpg
Oxunub: 535     21:21     19 May 2026    
Pakistan İranla yaşanan gərginlik fonunda Səudiyyə Ərəbistanına təxminən 8 min hərbçi, döyüş təyyarələri eskadrilyası və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlükəsizlik və hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, göndərilən qüvvələr döyüş tapşırıqları yerinə yetirə biləcək mühüm hərbi kontingenti təmsil edir və Səudiyyə Ərəbistanının əlavə hücumlarla üzləşəcəyi halda dəstək verməyi nəzərdə tutur.

Mənbələrin bildirdiyinə görə, Pakistan aprelin əvvəlində əsasən Çinlə birgə hazırlanmış JF-17 “Thunder” döyüş təyyarələrindən ibarət təxminən 16 təyyarəlik eskadriliya yerləşdirib.

Bundan əlavə, iki eskadriliya pilotsuz uçuş aparatı, Çin istehsalı HQ-9 hava hücumundan müdafiə sistemi və təxminən 8 min hərbçi Səudiyyə Ərəbistanına göndərilib. Qeyd olunub ki, bütün sistemlər Pakistan personalı tərəfindən idarə olunur və xərclər Səudiyyə Ərəbistanı tərəfindən qarşılanır.

“Reuters”a danışan mənbələr ehtiyac yaranacağı halda əlavə qüvvələrin də göndərilə biləcəyini bildiriblər.

Məxfi müdafiə sazişi ilə tanış olan hökumət rəsmisinin sözlərinə görə, nəzəri baxımdan həmin razılaşma 80 minədək Pakistan hərbçisinin Səudiyyə Ərəbistanında xidmət aparmasına imkan yaradır.

Təhlükəsizlik mənbələri qeyd ediblər ki, yerləşdirilən şəxsi heyətin əsas vəzifəsi təlim, məsləhət və koordinasiya fəaliyyətləri olacaq.

Pakistan eyni zamanda Vaşinqton və Tehran arasında aparılan diplomatik təşəbbüslərdə vasitəçi rolunu da davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin