BƏƏ: “Barakah” AES-ə hücum edən PUA-lar İraqdan buraxılıb

2026/05/1779205815.jpg
Oxunub: 407     19:54     19 May 2026    
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi “Barakah” Atom Elektrik Stansiyasına hücum edən bütün pilotsuz uçuş aparatlarının İraq ərazisindən buraxıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, bu vəziyyət iranmeylli şiə silahlı qruplaşmalarının hücumda iştirak ehtimalını gücləndirir.

Bildirilib ki, radiasiya sızması qeydə alınmayıb. Zərbə obyektin xarici perimetrində yerləşən generatora endirilib.

BƏƏ daha əvvəl də İsraildən gətirilmiş hava hücumundan müdafiə sistemləri və şəxsi heyətin yerləşdiyi ərazilərə İran tərəfindən pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini iddia etmişdi.

Xəbərdə qeyd olunub ki, regionda gərginlik Hörmüz boğazı ətrafındakı vəziyyət səbəbindən daha da artır. Bu boğaz İranın nəzarətində olan və neft tədarükü üçün strateji əhəmiyyət daşıyan marşrut hesab olunur.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin şübhələr dərhal İran və onunla əlaqəli qüvvələrə yönəlib.

İraq hökumətinin rəsmi nümayəndəsi Bassem əl-Əvadi hücumları qınayıb, lakin BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına münasibət bildirməyib. “İraq BƏƏ-yə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən son hücumları qətiyyətlə pisləyir”, - deyə onun bəyanatında bildirilib.

BƏƏ Müdafiə Nazirliyi əlavə edib ki, son iki gün ərzində ölkə daha üç pilotsuz uçuş aparatı hücumuna məruz qalıb, lakin onların hədəfləri açıqlanmayıb.

Təxminən 20 milyard dollar dəyərində olan “Barakah” AES BƏƏ tərəfindən Cənubi Koreyanın iştirakı ilə inşa edilib və 2020-ci ildə istismara verilib. Bu, ərəb dünyasında yeganə atom elektrik stansiyası hesab olunur və ölkənin elektrik enerjisi tələbatının təxminən dörddəbirini təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Barakah   AES  


Bizi "telegram"da izləyin