ABŞ-nin maliyyə naziri İrana qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb

2026/05/1779205747.jpg
Oxunub: 438     19:48     19 May 2026    
ABŞ-nin maliyyə naziri Skott Bessent müttəfiqləri İranın maliyyə şəbəkələrinin daha fəal şəkildə dağıdılmasına çağırıb və Vaşinqtonun sanksiya siyahısına yenidən baxacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Bessent bu barədə Parisdə keçirilən G7 maliyyə nazirlərinin toplantısından sonra terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə konfransında çıxışı zamanı danışıb.

Nazir bildirib ki, ABŞ Maliyyə Nazirliyi köhnəlmiş məhdudiyyətləri sanksiya siyahısından çıxarmağı planlaşdırır ki, maliyyə institutları “terrorizmin maliyyələşdirilməsi” ilə bağlı daha mürəkkəb sxemləri asanlıqla müəyyən edə bilsinlər.

Bessent qeyd edib ki, iştirakçı ölkələr İran əleyhinə ABŞ səylərinə “tam dəstək verməlidirlər”.

“Bu, məsələn, avropalı tərəfdaşlarımızın ABŞ ilə birlikdə hərəkət etməsini və İranın maliyyə dəstəkçilərinin müəyyən edilməsi, saxta və gizli şirkətlərinin ifşa olunması, bank filiallarının bağlanması və proksi-strukturlarının dağıdılması istiqamətində addımlar atmasını tələb edəcək”, - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Donald Tramp administrasiyası “Economic Fury” (İqtisadi Qəzəb) adlı proqram çərçivəsində Tehrana təzyiqləri artırır. Proqramın məqsədi İranın kölgə maliyyə kanallarını pozmaq və sanksiyalardan yayınma imkanlarını məhdudlaşdırmaqdır.

Bessent bildirib ki, bu kampaniya çərçivəsində İran strukturları ilə əlaqəli təxminən yarım milyard dollar dəyərində kriptoaktiv artıq dondurulub.

O əlavə edib ki, ABŞ sanksiya siyasətinin effektivliyini artırmaq üçün məhdudiyyətlərin arxitekturasını yeniləməyi planlaşdırır, çünki “rəqiblər uyğunlaşır və saxta şirkətlər vasitəsilə yeni sxemlər tətbiq edirlər”.

Nazir vurğulayıb ki, sanksiyalar “aqressiv, lakin hədəfli” olmalı və əsas məqsəd əhalini cəzalandırmaq yox, davranışı dəyişməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bessent   İran  


Bizi "telegram"da izləyin