Ordu.az xəbər verir ki, nazir bu barədə “Global Partnerships” konfransında çıxışı zamanı danışıb.
Kuper qeyd edib ki, Körfəz ölkələri dünyada əsas gübrə təchizatçılarıdır və bölgədə yükdaşımaların pozulması qlobal ərzaq təhlükəsizliyi üçün genişmiqyaslı nəticələrə səbəb ola bilər.
O, Ümumdünya Ərzaq Proqramının məlumatlarına istinad edərək bildirib ki, münaqişə bu ilin ortalarınadək başa çatmasa, təxminən 45 milyon insan ciddi ərzaq çatışmazlığı ilə üzləşə bilər.
“Dünya qlobal ərzaq böhranına doğru gedir. Bir ölkənin faktiki olaraq beynəlxalq gəmiçilik marşrutunu ələ keçirməsi səbəbindən on milyonlarla insanın qidasız qalmasına imkan verə bilmərik”, - deyə Kuper vurğulayıb.
Nazir əlavə edib ki, İranın Hörmüz boğazını bağlamaqda davam etməsi kənd təsərrüfatı mövsümünün başlanğıcı dövrünə təsadüf edir və bu, boğazın açılması, gübrə və yanacaq tədarükünün bərpası, eləcə də qiymət təzyiqinin azaldılması üçün təcili beynəlxalq təzyiqin vacibliyini göstərir.
Kuper bildirib ki, Böyük Britaniya Hörmüz boğazının dərhal və maneəsiz açılmasına çalışmaqda davam edəcək, həmçinin bölgədə mümkün razılaşmanı dəstəkləmək məqsədilə çoxtərəfli missiyanın yaradılması təşəbbüsünü irəli aparacaq.
Onun sözlərinə görə, böhran həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə, dövlət və özəl sektorlara təsir edir və bu cür qlobal böhranların ilkin mərhələdə qarşısını almağa yönəlmiş yeni beynəlxalq əməkdaşlıq yanaşması tələb olunur.
Sevinc Əliyeva
Ordu.az