Ordu.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sərgidə 36 ölkədən təxminən 650 müdafiə və aviasiya şirkəti qabaqcıl hərbi texnologiyalarını nümayiş etdirib.
“Kia”nın sərgidə ön plana çıxardığı platformalar arasında “Tasman” hərbi komanda platforması və KLTV (Korean Light Tactical Vehicle) yüngül taktiki platforması yer alıb.
Sərgidə nümayiş etdirilən “Tasman” 1,1 ton yükdaşıma və 3,5 ton yedəkləmə qabiliyyətinə malik hərbi komanda platforması kimi diqqət çəkib. 2.200 kubsantimetrlik mühərriklə təchiz edilən platforma səkkizpilləli avtomatik transmissiya vasitəsilə 210 at gücü hasil edir.
“Tasman”ın diqqət çəkən xüsusiyyətlərindən biri “Light On” və “Light Off” rejimləri arasında keçid etməyə imkan verən blackout idarəetmə sistemi olub. Bu sistem sayəsində əməliyyat zamanı platformanın düşmən tərəfindən aşkarlanma riski azaldılır.
Platformada həmçinin çətin relyef şəraitində maneələri aşmaq və özünü xilas etmək üçün daxili vinç sistemi mövcuddur. Daxili elektrik enerji sistemi isə radio avadanlıqları və digər taktiki sistemləri dəstəkləyir.
Elektron kilidli diferensial sistemi çətin relyef şəraitində təkərlər arasında güc paylaşımını optimallaşdıraraq dartı qabiliyyətini artırır. “Tasman” dərin su keçidləri üçün yüksəldilmiş hava giriş sisteminə malik snorkel infrastrukturu ilə təchiz olunub. Bunun sayəsində mühərrikə su daxil olmasının qarşısı alınır.
Sərgidə təqdim olunan KLTV yüngül taktiki platforması isə gülləkeçirməz ön şüşəsi, gücləndirilmiş ön qoruma paneli və mərkəzi idarəetmə paneli ilə diqqət çəkib. Platforma 2.959 kubsantimetrlik V6 dizel mühərriki sayəsində saatda 130 kilometr sürət yığa bilir.
KLTV-nin silah sistemləri arasında orta mənzilli piyada raketlərini buraxa bilən raket buraxılış qurğusu və sürətli gizlənmə məqsədilə istifadə olunan tüstü qumbarası buraxılış sistemi yer alır.
Platforma həmçinin stabilləşdirilmiş uzaqdan idarə olunan silah sistemi ilə təchiz edilib. Bununla yanaşı, onun radioelektron mübarizə və əks-tədbir tapşırıqları üçün elektromaqnit müdaxilə qabiliyyətinə malik olduğu bildirilib.
Hər cür hava şəraitində fəaliyyət göstərmək üçün hazırlanan KLTV 76 santimetr dərinliyindəki su maneələrini aşa bilir və 43 dərəcə ilə mənfi 32 dərəcə arasında dəyişən temperatur şəraitində əməliyyat yerinə yetirə bilir.
Sevinc Əliyeva
Ordu.az