Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, əməkdaşlıq çərçivəsində yerli smartfonlar, istifadəçi cihazları və rabitə avadanlıqları üçün avadanlıq və proqram təminatının hazırlanması hədəflənir.
Şirkətin açıqlamasına görə, “Türk Telekom” müdafiə sənayesi və qabaqcıl texnologiya sahəsində mühəndislik gücü ilə seçilən ASELSAN ilə texnologiya sahəsində xarici asılılığı azaltmaq və yerli texnologiya ekosistemini gücləndirmək məqsədilə strateji tərəfdaşlığa başlayıb.
Şirkət yerli smartfonlar, istifadəçi cihazları və yerli rabitə avadanlıqlarının proqram və avadanlıq təminatını inkişaf etdirmək üçün ASELSAN ilə qüvvələrini birləşdirib.
Əməkdaşlıq rabitə texnologiyalarında yerli və milli istehsalın payını ən yüksək səviyyəyə çatdırmağı qarşıya məqsəd qoyur.
“Türk Telekom”un baş direktoru Ümit Önal, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Ankara Ticarət Palatasının sədri Gürsel Baran və Türk Dünyası İş Şurasının sədri Aydın Erkoçun iştirakı ilə keçirilən toplantıda layihənin həyata keçirilməsi üçün ilkin addımlar atılıb və yol xəritəsi müəyyənləşdirilib.
“Türk Telekom”un baş direktoru Ümit Önal bildirib ki, yeni dövrdə onlar yalnız texnologiya istehlak edən deyil, onu istehsal edən və ixrac edən baxışla hərəkət edirlər.
O qeyd edib ki, rəqəmsal transformasiya çərçivəsində innovativ yerli və milli məhsulların hazırlanması milli məsuliyyət kimi əsas prioritetlərdən biridir. “Ölkəmizin qlobal texnologiya sahəsində rəqabət gücünü artıracaq yerli və milli rabitə cihazlarının istehsalı bizim qırmızı xəttimizdir”, - deyə Önal vurğulayıb.
O əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın “rəqəmsallaşma” və “yerliləşdirmə” baxışı çərçivəsində mühüm əməkdaşlığa imza atılıb.
Ümit Önal qeyd edib ki, bu əməkdaşlıq sayəsində yerli və milli cihaz layihəsinin yol xəritəsi müəyyənləşdirilib və layihənin həyata keçirilməsi üçün ilk praktiki addımlar atılıb.
O vurğulayıb ki, “Türk Telekom”un yerli məhsulları dünyanın müxtəlif ölkələrində istifadə olunur və şirkət yalnız telekommunikasiya operatoru deyil, həm də Türkiyənin gələcəyini formalaşdıran texnologiya şirkətidir.
Önal şirkətin törəmə müəssisələri olan “Argela” və “Netsia”nın qabaqcıl texnologiyalar sahəsində 70-dən çox beynəlxalq patentə sahib olduğunu xatırladıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol isə Türkiyənin müdafiə sənayesində əldə etdiyi qabaqcıl texnologiya təcrübəsinin mülki sahələrdə də tətbiq edilməsinin vacibliyini vurğulayıb.
Akyol bildirib ki, ASELSAN-ın ilk fəaliyyət istiqaməti rabitə olub və şirkətin quruluş fəlsəfəsində hərbi rabitə cihazlarının yerli istehsalı əsas yer tutub. Onun sözlərinə görə, bu günə qədər 1 milyondan çox rabitə sistemi istehsal edilərək istifadəyə verilib.
Akyol qeyd edib ki, JEMUS və KETUM layihələri çərçivəsində Türkiyə üzrə kritik kommunikasiya infrastrukturları qurulub.
“Son dövrdə dünyada yaşanan münaqişələr rabitə infrastrukturu və cihazlarının yalnız texnologiya elementi deyil, həm də təhlükəsizlik baxımından ən kritik imkanlardan biri olduğunu göstərib. ASELSAN rabitə texnologiyaları sahəsində malik olduğu sahə təcrübəsi, istehsal gücü və kritik infrastruktur qurmaq qabiliyyəti ilə bu ekosistemin təbii və güclü hissəsidir”, - deyə Akyol bildirib.
Sevinc Əliyeva
Ordu.az