ABŞ Hindistana ümumilikdə 428,2 milyon dollarlıq silah satışını təsdiqləyib

2026/05/1779194050.jpg
Oxunub: 396     16:33     19 May 2026    
ABŞ Dövlət Departamenti Hindistana “Apache” helikopterləri üçün texniki dəstək xidmətləri və əlaqəli avadanlıqlar, həmçinin M777A2 ultra yüngül haubitsalarının satışı ilə bağlı ümumi dəyəri 428,2 milyon dollar olan silah satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Açıqlamada bildirilib ki, “Apache” helikopterlərinin texniki dəstək xidmətləri və əlaqəli avadanlıqlarının satışının təxmini ümumi dəyəri 198,2 milyon dollardır.

Nazirliyin digər açıqlamasında isə Hindistana təxmini ümumi dəyəri 230 milyon dollar olan M777A2 ultra yüngül haubitsalarının satışının da təsdiqləndiyi qeyd olunub.

Hər iki açıqlamada vurğulanıb ki, təklif olunan satışlar ABŞ-Hindistan strateji münasibətlərini gücləndirəcək, Hindistanın mövcud və gələcək təhdidlərlə mübarizə imkanlarını artıracaq və ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcək.

Hindistan Müdafiə Nazirliyi martın 27-də Rusiyadan yeni S-400 hava hücumundan müdafiə sistemlərini də əhatə edən 25 milyard dollarlıq yeni hərbi satınalma planını təsdiqlədiyini açıqlamışdı.

Hindistan 2018-ci ildə Rusiya ilə 5,3 milyard dollarlıq S-400 müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində nəzərdə tutulan 5 sistemdən 2-si hələ də təhvil verilməyib.

Rusiyadan S-400 raket sistemləri almasına baxmayaraq, Hindistanın ABŞ ilə hərbi əlaqələri davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin