Tokayev Qızıl Orda tarixinin müsbət şəkildə yenidən qiymətləndirilməsinə çağırıb

2026/05/1779193786.jpg
Oxunub: 387     16:24     19 May 2026    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev alimləri keçmiş hadisələrə bəsit yanaşmadan imtina etməyə və Qızıl Orda tarixini müsbət şəkildə yenidən qiymətləndirməyə çağırıb.

Ordu.az xəbər verir ki, Tokayev bu barədə Astanada keçirilən “Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, kimlik” adlı beynəlxalq simpoziumda çıxışı zamanı danışıb.

Qazax lider Böyük Çöl tarixinin təhrif olunmuş şəkildə qəbul edilməsi probleminə diqqət çəkib və bildirib ki, bu tarix indiyədək əsasən sonsuz döyüşlər və müharibələr zənciri kimi qiymətləndirilir.

Onun sözlərinə görə, belə yanaşma tarixi reallığı ciddi şəkildə sadələşdirir və Böyük Çölün, xüsusilə Qızıl Ordanın mürəkkəb və çoxqatlı mövcudluğunu adi hərbi salnamə çərçivəsinə salır.

“Bu gün bu zalda həmin dövrün nüfuzlu tədqiqatçıları toplaşıb. Mənim fikrimcə, Qızıl Orda tarixinin müsbət şəkildə yenidən dəyərləndirilməsi perspektivlərini genişləndirəcək elmi araşdırmaların əsas istiqamətləri barədə qısa şəkildə öz mövqeyimi bildirmək istərdim”, - deyə Tokayev qeyd edib.

O vurğulayıb ki, belə nəticəyə nail olmaq üçün intellektual irsin, xüsusilə Böyük Çöl xalqlarının mədəni və dünyagörüşü əsaslarının formalaşmasına təsir göstərmiş görkəmli mütəfəkkirlərin əsərlərinin öyrənilməsi vacibdir.

Qızıl Orda XIII-XV əsrlərdə mövcud olmuş orta əsr Avrasiya dövləti idi. Qazaxıstanda 2019-2020-ci illərdə Qızıl Ordanın 750 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Bu tədbirlər 1269-cu ildə indiki Qazaxıstan və Qırğızıstan ərazilərinin sərhədində keçirilmiş Talas qurultayına həsr olunmuşdu. Həmin qurultayda Çingiz xanın vahid imperiyasının ayrı-ayrı dövlətlərə bölünməsi barədə qərar qəbul edilmiş və onlardan biri də Qızıl Orda olmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Qızıl-Orda  


Bizi "telegram"da izləyin