Ordu.az xəbər verir ki, bu barədə Banjul (Qambiya) meri Rohi Malik Lou (Rohey Malik Lowe) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadları su, torpaq və digər həyati vacib resurslar uğrunda mübarizəyə səbəb olmaqla, artıq birbaşa təhlükəsizliyə təsir göstərir.
"İqlim sarsıntıları resursların qıt, ümidin isə kövrək olduğu yerlərdə münaqişələrin hərəkətverici qüvvəsinə çevrilir. Biz sərt bir dərs aldıq: iqlim ədaləti olmadan sülh yoxdur", - R. Malik Lou deyib.
Mer qeyd edib ki, böhranlar və qeyri-sabitlikdən təsirlənən regionlarda ənənəvi idarəetmə modelləri artıq müasir çağırışlara cavab vermir. Onun fikrincə, yerli hakimiyyət orqanları iqlim təhdidlərinə real vaxt rejimində reaksiya vermək məcburiyyətindədirlər və milli səviyyədə uzunmüddətli qərarların qəbul edilməsini gözləyə bilməzlər.
O, beynəlxalq təşkilatları və donorları bələdiyyələri iqlim, humanitar yardım və sülh quruculuğu məsələləri üzrə qərar qəbuletmə proseslərinə daha fəal cəlb etməyə çağırıb.
"Biz münaqişə xətlərini bilirik, iqlim risklərini bilirik və sülhqurucularını adbaad tanıyırıq", - Banjul meri bəyan edib.
R. Lounun sözlərinə görə, dağıdıcı daşqınlardan və dəniz səviyyəsinin qalxmasından tutmuş məcburi miqrasiyaya və sosial gərginliyin artmasına qədər iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizənin ön cəbhəsində bu gün məhz şəhərlər qərarlaşıb. Bununla əlaqədar o, xüsusilə Qlobal Cənub ölkələrində yerli hakimiyyət orqanlarına maliyyə və texniki dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ordu.az