“Sky News”: İrlandiya prezidentinin bacısı “Sumud” gəmisində saxlanılıb və İsrailə aparılır

2026/05/1779187909.jpg
Oxunub: 388     14:43     19 May 2026    
İrlandiya prezidentinin bacısı, doktor Marqaret Konnolinin “Sumud” flotiliyasına aid gəmidə saxlanıldığı və İsrailə aparıldığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Nəşrin məlumatına görə, doktor Konnoli Qəzzaya doğru hərəkət edən “Sumud” humanitar flotiliyasının gəmilərində olan və Kipr sahilləri yaxınlığında İsrail tərəfindən saxlanılan azı altı İrlandiya vətəndaşından biridir.

“Reuters” agentliyinin məlumatına əsasən, mayın 18-də İsrail qüvvələri beynəlxalq sularda azı 28 qayığı dayandırıb. “Sumud” isə dayandırılmış gəmilərlə əlaqənin itirildiyini açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi flotiliyanı “təxribat” adlandırıb və gəmilərdə heç bir humanitar yardımın olmadığını bildirib.

“Bu flotiliyada iştirak etdiyim üçün çox qürur duyuram. Bu, indiyə qədər təşkil olunan ən böyük flotiliyadır və hazırda Qəzzaya doğru hərəkət edirik ki, humanitar dəhliz açaq və Qəzza əhalisinə həyati vacib yardım və dərman çatdıraq. Ana, həkim və insan olaraq bu flotiliyaya kömək etmək üçün qarşısıalınmaz istək hiss edirəm”, - deyə doktor Konnoli “Sumud” tərəfindən yayımlanan videomüraciətdə bildirib.

İrlandiyada rəsmilər “Sumud” qlobal flotiliyası ətrafında yaranmış vəziyyəti fəal şəkildə izlədiklərini və aidiyyəti qurumlarla əlaqə saxladıqlarını açıqlayıblar.

Hakimiyyət nümayəndələrinin bəyanatında qeyd olunub ki, “zərərçəkmiş İrlandiya vətəndaşlarına” konsulluq dəstəyi göstəriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya   Sumud  


Bizi "telegram"da izləyin