Ordu.az xəbər verir ki, bu barədə IRNA dövlət xəbər agentliyi məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp mayın 15-də bildirib ki, İranın 20 il müddətinə uranın zənginləşdirilməsini dayandırması onu qane edər.
Bundan sonra İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə nəzərdə tutulmuş hüquqlarından imtina etmək niyyətində deyil.
IRNA agentliyinin məlumatına görə, İranın son təkliflərində Tehranın uranı zənginləşdirmək və dinc nüvə enerjisindən istifadə hüququ, bütün cəbhələrdə, o cümlədən Livandakı müharibənin dayandırılması, ABŞ tərəfindən tətbiq olunan dəniz blokadasının aradan qaldırılması və aktivlərin dondurulmasının ləğvi vurğulanıb.
Məlumata əsasən, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin görüşü zamanı açıqlama verilib.
Agentlik qeyd edib ki, İran həmçinin hərbi əməliyyatlardan sonra ölkənin bərpası üçün tələb olunan zərərin ödənilməsini, ABŞ-nin birtərəfli sanksiyalarının və “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin” qüvvədən düşməsini, eləcə də ABŞ-nin bütün qüvvələrinin İrana bitişik bölgələrdən çıxarılmasını tələb edir.
Sevinc Əliyeva
Ordu.az