Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin əsas məqsədi düşmənin çəkindirilməsinə yönəlmiş addımların işlənilməsi və şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması olacaq.
Hərbi qurumdan qeyd olunub ki, manevrlər zamanı Rusiyanın ərazisində yerləşən poliqonlara doğru ballistik və qanadlı raket buraxılışları da nəzərdə tutulur.
Təlimlərə Strateji Təyinatlı Raket Qoşunları, Sakit Okean Donanması, Şimal Donanması, uzaqmənzilli aviasiya komandanlığı, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin qüvvələrinin bir hissəsi cəlb olunub.
Ümumilikdə manevrlərdə 64 mindən çox hərbçi və 7,8 mindən çox texnika iştirak edəcək. Bunlara 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox uçuş aparatı, 73 yerüstü gəmi və 13 sualtı qayıq daxildir. Onlardan səkkizi strateji təyinatlı raket daşıyan sualtı qayıqlardır.
Bundan bir gün əvvəl Belarus Müdafiə Nazirliyi Rusiya ilə birgə nüvə sursatlarının çatdırılması və onların tətbiqinə hazırlıq üzrə təlimlərin başlandığını açıqlamışdı.
Belarus hərbi qurumu bildirmişdi ki, bu manevrlərin məqsədi şəxsi heyətin hazırlıq səviyyəsini artırmaq, silahların, tapşırıqların yerinə yetirilməsi üçün hərbi və xüsusi texnikanın hazırlığını yoxlamaq, eləcə də “planlaşdırılmamış rayonlardan döyüş tətbiqinin təşkilini” həyata keçirməkdir.
Minsk vurğulayıb ki, bu tədbirlər üçüncü ölkələrə qarşı yönəlməyib və regional təhlükəsizlik üçün təhdid yaratmır.
Bundan bir həftə əvvəl Vladimir Putin “Sarmat” qitələrarası ballistik raketinin uğurlu buraxılışı barədə məlumat vermişdi. Bildirilir ki, həmin raket hazırda silahlanmada olan ən köhnə nüvə raketi “Voevoda”nı əvəz etməlidir.
Putin raket kompleksinin 2026-cı ilin sonunadək Krasnoyarsk diyarında döyüş növbətçiliyinə qəbul ediləcəyini vəd edib.
Bununla yanaşı, Rusiya hakimiyyəti “Sarmat” kompleksinin silahlanmaya qəbul ediləcəyini hələ 2020-ci ildən bəyan edir. Putin özü də bir neçə dəfə raketin “ilin sonunadək” qoşunlara təhvil veriləcəyini bildirib.
“Sarmat”ın növbəti sınaqlarından sonra Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva strateji silahlanma sahəsində Qərbin “qızğın başlarını soyutmaq” üçün güc nümayiş etdirməyə davam edəcək.
Sevinc Əliyeva
Ordu.az