“Politico”: ABŞ Kuba əleyhinə hərbi güc tətbiqi variantına daha çox meyllənir

2026/05/1779181662.jpg
Oxunub: 352     12:54     19 May 2026    
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kuba əleyhinə hərbi güc tətbiqi variantına getdikcə daha çox meylləndiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Ağ Ev adanı yanacaqdan məhrum etməyə və təzyiq göstərməyə yönəlmiş ABŞ siyasətinin nəticə verməməsindən narazıdır. Bildirilir ki, Kuba hakimiyyəti iqtisadi və siyasi islahatlara getməyib.

“Politico” yazır ki, bu səbəbdən ABŞ rəhbərliyi hərbi ssenarinin tətbiqini daha ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.

Mənbələrin məlumatına görə, əvvəlcə Vaşinqton ümid edirdi ki, sanksiya təzyiqi və neft blokadası, eləcə də Venesuela və İrana qarşı həyata keçirilən addımlar Kuba tərəfini razılaşmaya sövq edəcək.

Nəşr qeyd edir ki, ABŞ hakimiyyəti digər variantlarla yanaşı, Kuba inqilabının liderlərindən biri olan ordu generalı Raul Kastronun əsir götürülməsi imkanını da nəzərdən keçirir.

“Lakin ABŞ hərbçiləri yalnız bir və ya iki nəfərin girov götürülməsi ilə kifayətlənməyərək, genişmiqyaslı əməliyyat paketini də qiymətləndirirlər. Mümkün hərbi addımların miqyası rəhbərliyi qorxutmaq və güzəştlərə məcbur etmək məqsədilə həyata keçiriləcək birdəfəlik hava zərbəsindən quru müdaxiləsinə qədər dəyişir”, - deyə qəzet yazıb.

Mənbənin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı son bir neçə həftə ərzində artıq adaya qarşı hərbi əməliyyat planlarının hazırlanmasına başlayıb.

“Axios” portalı mayın 14-də öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Kubaya səfəri zamanı bildirib ki, adada islahatların həyata keçirilməsi halında Vaşinqton iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığa hazırdır.

Bundan əvvəl, martın 5-də ABŞ Prezidenti Donald Tramp İran əleyhinə hərbi əməliyyatların başa çatmasından sonra Vaşinqtonun Kuba ilə bağlı növbəti addımların hazırlanması ilə məşğul olacağını açıqlamışdı.

O, daha əvvəl dəfələrlə bildirmişdi ki, ABŞ təzyiqləri nəticəsində Venesueladan Kubaya neft tədarükünün dayandırılması səbəbindən Kuba hökuməti və iqtisadiyyatı dağılma həddindədir.

Fevralın 27-də isə ABŞ administrasiyasının rəhbəri bildirmişdi ki, Birləşmiş Ştatlar “dostcasına Kuba üzərində nəzarət qura bilər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kuba  


Bizi "telegram"da izləyin