Dövlət Dumasında yeni era: Kreml “müharibə elitası” yaradır

2026/05/1779174835.jpg
Oxunub: 689     11:12     19 May 2026    
Rusiyanın Dövlət Dumasına sentyabr ayında keçiriləcək seçkilər intriqalı ola bilər. Kommunist Partiyasının lideri Gennadi Züqanovun hökumətin ciddi sosial-iqtisadi yaxşılaşma təmin etməyəcəyi halda payızda “1917-ci ildə baş verənlərin təkrarlanacağı” barədə açıqlaması görünür, Kremli ciddi narahat edib.

KİV-lərə məlum olduğu kimi, hakim “Vahid Rusiya” partiyası majoritar dairələrin təxminən iki onluğunda deputatlığa “xüsusi hərbi əməliyyat iştirakçıları”nı namizəd göstərəcək. Mətbuat müəyyən edib ki, söhbət ənənəvi olaraq kommunist namizədlərə səs verən seçki dairələrindən gedir.

Rusiya Kommunist Partiyası Ukraynaya qarşı müharibəni tam dəstəkləyir, lakin sosial-iqtisadi siyasət məsələsində hökumətin opponentidir. Majoritar dairələrdə “müharibə qəhrəmanları”nın namizəd göstərilməsi ilə hakimiyyət faktiki olaraq kommunistləri hökuməti tənqid etmək imkanından məhrum edir.

Rusiyada elə vəziyyət yaranıb ki, Prezident Putin və hökumət Ukraynaya qarşı döyüşən hərbçilərlə eyniləşdirilib. Hökuməti tənqid etmək kommunistlər üçün Ukrayna müharibəsinə qarşı çıxmaq, “qəhrəmanları” aşağılamaq anlamına gələcək. Heç kim belə bir “intihara” getməz.

Digər tərəfdən isə Dövlət Dumasında “təyin olunmuş müxalifət” saxlamaq problemi var. “Nezavisimaya qazeta”nın sorğusunu cavablandıran Kommunist Partiyasının Siyasi Təhlillər Mərkəzinin rəhbəri Konstantin Kalaçev belə bir fikir bildirib ki, Kreml yəqin ki, “majoritar dairələri “xüsusi hərbi əməliyyat” iştirakçıları ilə Kommunist Partiyasının namizədləri arasında böləcək”, əgər buna baxmayaraq rəqabətli vəziyyət yaranarsa, kommunistlər “maksimum yumşaq təbliğat aparacaqlar”.

Bu, faktiki olaraq etirafdır ki, Rusiya Dövlət Dumasına seçkilər “təyinatlı” olacaq və kommunistlər böyük ehtimalla “sistemli müxalifətin lideri” statusundan məhrum ediləcəklər. Vladimir Putinin 25 ildən artıq hakimiyyəti dövründə kommunistlər ilk dəfədir belə “ayrı-seçkilik”lə üzləşirlər.

“Xüsusi hərbi əməliyyat” iştirakçıları artıq Rusiyanın icra hakimiyyəti sistemində qubernator və muxtar respublika rəhbəri vəzifələrini tuturlar. Görünür, qanunverici orqanın rəhbərliyi də onlara keçəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Dövlət-Duması   Kreml  


Bizi "telegram"da izləyin