Rusiya Qırğızıstandan tarix dərsliklərində “müstəmləkə” terminindən imtina etməyi tələb edib

2026/05/1779171916.jpg
Oxunub: 368     10:18     19 May 2026    
Moskva qırğız tarix dərsliklərini tənqid edib və respublikadan “müstəmləkə” terminindən imtina etməyi tələb edib. Bildirilib ki, bu termin SSRİ-də Rusiyanın rolu ilə bağlı “mənfi konnotasiya” yaradır.

Ordu.az xəbər verir ki, bu barədə RBC yazıb.

Mübahisə Rusiyanın Hərbi-Tarix Cəmiyyətində keçirilən ekspert-məsləhət şurasının iclasında yaranıb.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Andrey Bikov bildirib ki, qırğızıstanlıların 8-ci, 9-cu və 11-ci sinif dərsliklərində çoxlu “faktoloji səhvlər” və “əslində baş verməmiş çox şeylər” var. Qurumun direktoru Alikber Alikberov isə Rusiyanın hələ də “xalqlar həbsxanası” kimi təqdim olunmasından narazı qaldığını söyləyib.

Xüsusi diqqət sovet dövrünə verilən qiymətləndirmə fərqinə yönəlib. Rusiya nümayəndələri qeyd ediblər ki, rus dərsliklərində “SSRİ-nin böyüklüyü əks olunur”, qırğız dərsliklərində isə respublikanın ittifaq daxilində olduğu dövrdə milli maraqların sıxışdırılmasından bəhs edilir.

Rusiya Elmlər Akademiyası üzvlərinin ən böyük narazılığını Rusiyaya münasibətdə “müstəmləkəçilik” termininin tətbiqi doğurub. Bikov belə seçimi “modaya uyğunluq ödəni” adlandırıb və əvəzləyici termin tapmağı təklif edib. O bildirib ki, “müstəmləkəçilik” əvəzinə “idarəetmə” sözündən istifadə etmək olar və bu halda tarixi hadisələr “dərhal rəngini və çalarını dəyişir”, mənfi konnotasiya isə yox olur.

Qırğızıstan Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Abılabek Asankanov isə cavabında rus tərəfinin “çox çətin tapşırıq” qoyduğunu bildirib. O xatırladıb ki, müstəmləkəçilik ərazi, təbii resurslar və asılı xalqların əməyindən onların tam müstəqilliyi olmadan istifadəni nəzərdə tutur. “Biz bu termindən imtina etməkdə çox çətinlik çəkirik”, - deyə Asankanov vurğulayıb və faciəvi hadisələrdən “sui-istifadə etməməyə”, onları ideologiyalaşdırmamağa çağırıb.

Rusiya Hərbi-Tarix Cəmiyyətinin rəhbəri və Rusiya prezidentinin köməkçisi Vladimir Medinski daha əvvəl də Rusiyanı sıxışdırıcı imperiya kimi təqdim edən şərhlərə qarşı çıxış edib. O, SSRİ-nin keçmiş respublikalarını “düşmən uydurmaqda” və tarixi yenidən yazmaqda ittiham edib. “Hansı sovet imperializmi? Biz axı maarif, yeni texnologiyalar, yeni ictimai münasibətlər, quldarlığın ləğvini gətirirdik”, - deyə Medinski etiraz etmişdi.

Bu, Rusiyanın qonşu ölkələrin dərsliklərinin məzmununa təsir göstərməyə çalışdığı ilk hal deyil. 2024-cü ildə oxşar tələblər Ermənistana qarşı da irəli sürülmüşdü.

Elə həmin 2024-cü ildə Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun alimləri müəyyən etmişdilər ki, keçmiş SSRİ ölkələrinin tarix dərsliklərində Rusiya əsasən müstəmləkəçi dövlət və birləşdirilmiş ərazilərdə yaşayan xalqları sıxışdıran aqressor kimi təqdim olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qırğızıstan  


Bizi "telegram"da izləyin