İran ABŞ-yə xəbərdarlıq edib ki, hərbi əməliyyatlar bərpa olunarsa, nəticələri olacaq

2026/05/1779169999.jpg
Oxunub: 301     09:55     19 May 2026    
İranın ali rəhbərinin hərbi müşaviri Möhsən Rzayi çərşənbə axşamı bildirib ki, Tehran genişmiqyaslı hərbi əməliyyatlar bərpa olunarsa, Vaşinqtonu kapitulyasiyaya məcbur edəcək.

Ordu.az xəbər verir ki, Rzayi bu barədə “X” sosial şəbəkəsində yazıb.

“O, (ABŞ prezidenti-red.) hərbi zərbə üçün son tarix müəyyən edir, sonra isə özü onu ləğv edir. Güclü silahlı qüvvələrin və böyük İran xalqının dəmir yumruğu onları geri çəkilməyə və təslim olmağa məcbur edəcək”, - deyə o qeyd edib.

İranın “Tasnim” agentliyi isə yazıb ki, İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdollahi ABŞ-yə və onun müttəfiqlərinə daha bir “strateji səhv və ya hesablamada yanlışlıq” etməmək barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri əvvəlkindən daha hazırlıqlı və güclüdür və istənilən aqressiyaya cavab verməyə hazırdır.

Abdollahi bildirib ki, növbəti hər hansı səhv əvvəlkindən xeyli güclü cavabla nəticələnəcək.

İran rəsmilərinin bu açıqlamaları ABŞ Prezidenti Donald Trampın İranla bağlı zərbələrin bərpa olunması planının iki və ya üç günə dayandırıldığını bildirməsindən sonra səslənib.

Daha əvvəl Tramp çərşənbə axşamı zərbələrə başlamağı planlaşdırdığını, lakin İranla əlaqələri olan bir sıra ölkələrin böhranın diplomatik həlli üçün etdiyi xahişdən sonra planı dayandırdığını bildirib.

Eyni zamanda ABŞ lideri hərbçilərə İrana hücuma hazırlaşmaq əmri verdiyini, tərəflər kompromisə gələ bilməsə, hücumun başlayacağını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin