Keçmiş general: “ABŞ tezliklə İrana qarşı tammiqyaslı döyüş əməliyyatlarını bərpa edə bilər”

2026/05/1779168470.jpg
Oxunub: 487     09:28     19 May 2026    
ABŞ-nin İrana qarşı tammiqyaslı döyüş əməliyyatlarını yenidən başlatmağa yaxın olduğu bildirilir.

Ordu.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan yüksək rütbəli generalı Cek Kin “Fox News” kanalına açıqlamasında deyib.

İraq və Əfqanıstan müharibələrinin əvvəlində ABŞ Ordusunun Baş Qərargah rəisi olmuş Kin bildirib ki, Donald Trampın sülh təkliflərinin İran tərəfindən rədd edilməsindən sonra Vaşinqton və Təl-Əviv yenidən zərbələr endirməyə hazırlaşır.

Onun sözlərinə görə, ABŞ və İsrail aprelin 8-də əldə olunmuş atəşkəsdən sonra toplanmış kəşfiyyat məlumatlarından istifadə etməyə hazırdır.

“Bu, ABŞ və İsrailin birgə tammiqyaslı əməliyyatı olacaq”, - deyə Kin bildirib.

General qeyd edib ki, Tramp indiyədək böyük səbir nümayiş etdirib və Vaşinqton razılıq əldə etməyə çalışıb, lakin bunun mümkünsüz göründüyünü vurğulayıb.

Kin iddia edib ki, ABŞ İranın qalan hərbi imkanları barədə dəqiq məlumata malikdir və əvvəlki birgə zərbələr nəticəsində hədəflərin böyük hissəsi məhv edilib.

Onun sözlərinə görə, növbəti hədəflər İranın raket və nüvə proqramları ilə bağlı obyektlər, eləcə də hərbi potensialını təmin edən infrastruktur ola bilər.

General həmçinin ABŞ-nin İranın gəlir mənbələrinə də zərbə endirə biləcəyini ehtimal edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin