Ordu.az xəbər verir ki, bu barədə “Cyprus Mail” nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən qanun Türkiyənin “Mavi Vətən” doktrinasına uyğun olaraq Egey və Aralıq dənizlərindəki dəniz iddialarını hüquqi şəkildə təsbit etməyi nəzərdə tutur.
Xristodulidis bildirib ki, məsələ yalnız Kipr və Yunanıstanın deyil, bölgədə maraqları olan digər Avropa dövlətləri və ABŞ-nin də maraqlarına toxunur.
Onun sözlərinə görə, bu maraqlar beynəlxalq hüquqa və BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına əsaslanır.
Kipr Prezidenti qeyd edib ki, məsələni ötən həftə Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə müzakirə edib və mövzu Avropa liderləri ilə görüşlərdə də qaldırılıb.
Xristodulidis Türkiyənin qeyri-qanuni addım atmayacağına ümid etdiyini bildirib.
O vurğulayıb ki, belə bir addım atılarsa, cavab Avropa səviyyəsində olmalıdır və bu istiqamətdə artıq qabaqlayıcı tədbirlər görülüb.
Türkiyə Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, qanun Türkiyənin dəniz səlahiyyət zonalarındakı vəzifələri müəyyən edəcək və daxili qanunvericilikdəki boşluqları aradan qaldıracaq.
TRT dövlət agentliyi isə qanunun Ankaranın öz dəniz sərhədləri hesab etdiyi müstəsna iqtisadi zona və kontinental şelf sərhədlərini təsbit edəcəyini yazıb.
Məlumata görə, qanun layihəsinin iyunun əvvəlində Türkiyə parlamentinə təqdim olunacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az