Ordu.az xəbər verir ki, bu barədə “Irish Times” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının diplomatik xidmətinin hazırladığı daxili sənəddə Hörmüz boğazının blokadasının qlobal iqtisadi sarsıntıya və ciddi geosiyasi nəticələrə səbəb ola biləcəyi bildirilib.
Qeyd olunub ki, Fars körfəzi ölkələrinin kənd təsərrüfatı gübrələrinin ticarətində mühüm rol oynaması qlobal ərzaq təhlükəsizliyini ciddi risk altına salır.
Rəsmilər inkişaf etməkdə olan ölkələrin artıq bu ilin sonuna qədər ciddi ərzaq çatışmazlığı və qiymət artımı ilə üzləşə biləcəyini bildiriblər.
Sənəddə qeyd olunub ki, dünya neft və qaz tədarükünün beşdə biri Hörmüz boğazından keçir və İranın boğazı faktiki bağlaması qlobal enerji bazarlarına ciddi təzyiq göstərir.
Məlumata görə, ən çox zərər görəcək ölkələr iqtisadi cəhətdən ən həssas dövlətlər olacaq.
İrlandiyanın beynəlxalq inkişaf naziri Nil Riçmond bildirib ki, Avropanın Qlobal Cənub ölkələrinə yardımının azalması nəticəsində yaranan boşluğu Rusiya və Çin doldurur.
Onun sözlərinə görə, Rusiya enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edir və dövlətləri BMT səsvermələrində öz mövqeyini dəstəkləməyə sövq edir.
Sevinc Əliyeva
Ordu.az