“Müxalifət hakimiyyətə gəlsə, ölkəni müharibəyə aparacaq və Ermənistanın müstəqillik səviyyəsini azaldacaq” - Simonyan

2026/05/1779111078.jpg
Oxunub: 374     17:24     18 May 2026    
Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazir Nikol Paşinyanın son açıqlamalarını müdafiə edərək onun “az danışdığını” bildirib.

Ordu.az xəbər verir ki, Alen Simonyan bu barədə mayın 18-də İrəvanda keçirilən seçkiqabağı təşviqat kampaniyası zamanı danışıb.

O, Nikol Paşinyan ilə həkim Arpine Soğoyan arasında baş vermiş qalmaqallı mübahisəyə münasibət bildirərək Paşinyanın fikirlərini bölüşdüyünü qeyd edib. Hazırda məzuniyyətdə olan Simonyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkiləri üçün namizədlər siyahısında da yer alıb.

Simonyan Paşinyanın səbirli davranmasına təəccübləndiyini deyərək özü belə hallarda tez-tez dözmədiyini vurğulayıb.

“Jurnalistin dözməməsi doğrudurmu? Əlbəttə yox. Erməni kişinin dözməməsi doğrudurmu? Əlbəttə yox. Amma hamımız insanıq. Bu nifrət mühitini müxalifət yaradıb. Çünki 2021-ci ildən etibarən bizi güllələməklə, həbsxanalara atmaqla hədələyirdilər və “satqın”, “torpaq satan” ifadələrini dövriyyəyə biz buraxmamışıq”, - deyə Simonyan bildirib.

O, 2008-ci il martın 1-də baş verən hadisələrin təşkilatçılarının izlərini gizlətmək üçün 10 il vaxtlarının olduğunu iddia edib.

Simonyan, həmçinin 1999-cu il oktyabrın 27-də baş verən hadisələri xatırladaraq həmin şəxslərin martın 1-i hadisələri, saxtalaşdırılmış seçkilər, qanunsuz əldə edilmiş əmlak və digər cinayətlərə görə məsuliyyət daşıyacağını deyib.

O bildirib ki, vətəndaşlar Paşinyanı sevir və hörmət edirlər. Simonyanın fikrincə, Paşinyanla mübahisə edən qadının hərəkətləri yönləndirilmiş olub və müxalifət çıxılmaz vəziyyətdə qaldığı üçün təxribatlara əl atır.

Simonyan qeyd edib ki, müxalifətdə əsas qüvvələr hesab olunan “Çiçəklənən Ermənistan” partiyası, “Hayastan” bloku və “Güclü Ermənistan” partiyalar ittifaqı parlamentə keçid həddini aşa bilməyəcək.

“Bu səbəbdən onlar təxribatlara əl atırlar. “Qarabağ ləhcəsi” ilə danışan, maskalı və avtomatla silahlanmış şəxslərin qətl təhdidləri səsləndirdiyi videonu necə şərh edərdiniz? Söhbət dövlətçiliyə qarşı yönəlmiş cinayətdən gedir. Mən Paşinyanın açıqlamalarına qoşuluram və Robert Köçəryanı, eləcə də digərlərini siyasi, hüquqi və digər yollarla diz çökdürəcəyəm”, - deyə o qeyd edib.

Simonyan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın ölkənin azərbaycanlılarla məskunlaşdırılması planlaşdırıldığı barədə açıqlamalarını da yalan adlandırıb.

O, həmçinin Ermənistan və Azərbaycan arasında delimitasiya prosesi çərçivəsində qəbul olunmuş sənədlərin praktiki icrasının seçki proseslərinə görə ləngidiyini bildirib.

Simonyan vurğulayıb ki, müxalifət hakimiyyətə gəlsə, ölkəni müharibəyə aparacaq və Ermənistanın müstəqillik səviyyəsini azaldacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin