Ordu.az xəbər verir ki, Tsarukyan Paşinyan ilə bir vətəndaş arasında baş vermiş ictimai mübahisəyə, eləcə də müxalifət liderlərinin ünvanına səsləndirilən təhdid və təhqirlərə toxunub.
Jurnalistin baş nazirin davranışını necə şərh etdiyi ilə bağlı sualını cavablandıran Tsarukyan eyni səviyyəyə enmək və təhqirlərə eyni üslubda cavab vermək niyyətində olmadığını bildirib.
“İki gün əvvəl də mən öz səviyyəmi aşağı salmadım, öz yüksəkliyimdən enmədim. O əsasən təhqir edir, çünki deyəcək sözü və proqramı yoxdur. Səkkiz il ərzində xalqı aldadıb, ilk gündən. Bizi də aldadıb, məni də aldadıb”, - deyə Tsarukyan bildirib.
Onun sözlərinə görə, əgər hakimiyyətin həqiqətən proqramı olsaydı, bunu qışqırıq və təhqirlər olmadan sakit şəkildə cəmiyyətə təqdim edərdi.
Tsarukyan qeyd edib ki, müxtəlif görüşlər zamanı hətta “Vətəndaş Müqaviləsi” partiyasının tərəfdarları ona yaxınlaşaraq tənqidlər səsləndiriblər və o, haqlı tənqidi qəbul etməyə hazır olduğunu deyib.
“Əgər tənqid yerindədirsə, mən bunu qəbul edəcəyəm, bunda ayıb yoxdur. Amma qışqırmaq və əsəbiləşmək lazım deyil”, - deyə o vurğulayıb.
Tsarukyan bildirib ki, o hətta siyasi rəqibləri ilə də sakit və hörmətlə danışmağa çalışır.
“Vətəndaş Müqaviləsi” tərəfdarlarına əzizim, bacım demişəm və hər şeyi düzgün şəkildə izah etmişəm. İnsanlar isə təşəkkür edib, üzr istəyərək gediblər”, - deyə partiya lideri bildirib.
Tsarukyanın fikrincə, hakimiyyətin əsas məqsədi ictimai müzakirələri real problemlərdən yayındıraraq şəxsi təhqir və qalmaqal müstəvisinə keçirməkdir.
O qeyd edib ki, Paşinyanın həm müttəfiqlər, həm də düşmənlərlə eyni üslubda danışması nəticəsində Ermənistan bugünkü vəziyyətə düşüb, itkilər verib və ərazilər itirib.
Tsarukyan sülh prosesi ilə bağlı məsələlərə də toxunaraq iddia edib ki, sülh birtərəfli güzəştlər hesabına əldə edilə bilməz.
“Dünən də bəyan etdi ki, daha üç rayon təhvil verilməlidir və bu davam edəcək. Amma bu, sülh deyil. Sülh o zaman olur ki, sənəd, imza və müharibə təhlükəsinin aradan qalxmasına təminat olsun”, - deyə o bildirib.
“Çiçəklənən Ermənistan” partiyasının lideri əlavə edib ki, ölkədə dəyişikliklərə ehtiyac var və Paşinyan iyunun 7-dən sonra “istirahətə getməlidir”.
Onun sözlərinə görə, ölkənin əsas problemi birlik, sabitlik və iqtisadi inkişafın təmin olunmasıdır.
Tsarukyan vurğulayıb ki, Ermənistan təminatlı sülh əldə etməli, investisiyalar cəlb etməli və iqtisadiyyatı inkişaf etdirməlidir ki, insanların üzündə təbəssüm olsun.
O, həmçinin seçkiqabağı təşviqatın qorxu və təzyiq mühitində keçdiyini iddia edib.
Tsarukyan bildirib ki, müxtəlif peşə sahibləri, müəllimlər, kənd rəhbərləri, idmançılar, proqramçılar və vitse-merlər işdən çıxmaq üçün ərizə yazmağa məcbur edilirlər.
Onun sözlərinə görə, belə hallar Talin, Gümrü və digər yaşayış məntəqələrində, demək olar ki, hər görüşdən sonra baş verir.
Tsarukyan əlavə edib ki, insanlara təzyiq göstərilir və onları işdən çıxarmaqla hədələyirlər.
Bununla yanaşı, o, mövcud vəziyyətin müvəqqəti olduğunu və iyunun 7-dən sonra hakimiyyətin dəyişəcəyini iddia edib.
Alpər Mövludoğlu
Ordu.az