“Zvartnots” hava limanında Paşinyanı təhqir edən Rusiya vətəndaşına qarşı məcburi tibbi nəzarət tədbiri uzadılıb

2026/05/1779099631.jpg
Oxunub: 339     14:19     18 May 2026    
Bir neçə gün əvvəl Ermənistan Apellyasiya Cinayət Məhkəməsi Ermənistanda sığınacaq istəyən və xuliqanlıqda ittiham olunan Rusiya vətəndaşı O.K.-nın müdafiə tərəfinin xüsusi yenidən baxılma şikayətini rədd edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

Məlumata görə, məhkəmə O.K. barəsində tətbiq edilən tibbi xarakterli məcburi tədbiri qüvvədə saxlayıb.

Rusiya vətəndaşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi üzrə, xuliqanlıq ittihamı ilə təqsirləndirilir.

İstintaq materiallarında bildirilir ki, O.K. 2025-ci il iyulun 11-də saat 11:30 radələrində “Zvartnots” beynəlxalq hava limanının gediş zalında sərnişinlərə və əməkdaşlara qarşı açıq hörmətsizlik nümayiş etdirib.

Onun spirtli içki şüşəsini oturacaqlar istiqamətində atdığı, erməni qadınları və qızlarını, erməni xalqını, Ermənistanın baş naziri Nikol Paşinyanı təhqir etdiyi və nalayiq ifadələr işlətdiyi qeyd olunub.

Hadisə nəticəsində hava limanında olan əməkdaş və sərnişinlərin rahatlığının pozulduğu, “Zvartnots” beynəlxalq hava limanının normal fəaliyyətinə maneə yarandığı bildirilib.

Məhkəmə qərarı ilə O.K. barəsində təhlükəsizlik tədbiri kimi tibbi nəzarət tətbiq olunub və bu tədbir 2026-cı il aprelin 2-də daha 3 ay müddətinə, 2026-cı il iyunun 10-na qədər uzadılıb.

Birinci instansiya məhkəməsinin qərarından şikayət verən müdafiə tərəfi bildirib ki, ekspert rəyi O.K.-nın müəyyən sağlamlıq problemlərinin olduğunu təsdiqləsə də, onun hazırkı psixi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Lakin Apellyasiya Məhkəməsi qeyd edib ki, bu halı təsdiqləyən heç bir tibbi sənəd təqdim olunmayıb.

Məhkəmə vurğulayıb ki, işin hazırkı mərhələsində təqsirləndirilən şəxsə qarşı tibbi nəzarət təhlükəsizlik tədbirinin tətbiqi üçün əsaslar qalmaqdadır.

Hazırda O.K.-nın Ermənistan Ədliyyə Nazirliyinin psixi sağlamlıq mərkəzlərindən birində saxlanıldığı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin