“Nezavisimaya qazeta”: Paşinyan Avropa İttifaqının ona verdiyi siyasi kapitalı tükəndirib

2026/05/1779093162.jpg
Oxunub: 344     12:30     18 May 2026    
Ermənistanda rəsmi seçkiqabağı təşviqat kampaniyasının ilk həftəsi başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” nəşri yazıb.

Məqalədə qeyd olunur ki, yerli sakinlərin sözlərinə görə, əgər Baş nazir Nikol Paşinyanın və “Vətəndaş Müqaviləsi” partiyasının çıxışları olmasaydı, ölkədə seçki ab-havasını hiss etmək belə çətin olardı.

Nəşr yazır ki, Paşinyan diqqəti özünə və siyasi komandasına yönəltmək üçün müxtəlif üsullardan istifadə edir və tez-tez sərt, emosional açıqlamalar verir.

“Baş nazir seçicilərlə görüşlərinin birində Qarabağ barədə danışarkən o torpaqların heç vaxt Ermənistanın olmadığını bildirib.

Xatırladaq ki, Paşinyan 2020-ci ildə “Qarabağ Ermənistandır, vəssalam” ifadəsini işlətmişdi.

Paşinyanın son açıqlamaları ona qarşı ciddi narazılıq dalğası yaradıb və bəzi müşahidəçilər Baş nazirin Avropa sammitləri zamanı qazandığı siyasi kapitalı tamamilə itirdiyini düşünür.

Paşinyan digər çıxışında Azərbaycanın anklavları məsələsinə də toxunaraq İrəvanın bu məsələ ilə bağlı qərar verməli olduğunu bildirib”, - deyə nəşr bildirib.

Müəllif bildirib ki, Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan rəhbərliyi bir-birinə qarşı tələblər irəli sürmək əvəzinə daxili problemlərin həlli barədə razılığa gəlib.

Nəşr həmçinin yazır ki, “Vətəndaş Müqaviləsi” partiyası informasiya məkanında fəallıq yaradaraq digər siyasi qüvvələrin təşviqatını kölgədə qoymağa çalışır.

Məqalədə bildirilir ki, seçkilərdə ümumilikdə 19 partiya və blok iştirak edir. “Vətəndaş Müqaviləsi” partiyası ilə yanaşı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası, Robert Köçəryanın “Hayastan” bloku və Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası daha çox diqqət çəkir.

“Samvel Karapetyan siyasi layihəsinin reklamına 100 milyon dollara qədər vəsait sərf edib və bu da ona Paşinyanla informasiya məkanında rəqabət aparmağa imkan verib.

“Güclü Ermənistan” partiyasının seçki siyahısına rəhbərlik edən Narek Karapetyan bildirib ki, əgər Paşinyan hökuməti səkkiz il ərzində müsbət dəyişikliklər edə bilməyibsə, növbəti beş ildə də buna nail ola bilməyəcək.

Robert Köçəryanın “Hayastan” bloku və Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə kampaniyalarını əsasən Paşinyanın tənqidi üzərində qurub.

“Çiçəklənən Ermənistan” partiyasının mətbuat katibi İveta Tonoyan Paşinyanı Kərki kəndinin Azərbaycana təhvil verilməsi prosesindən diqqəti yayındırmaqda ittiham edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin