Robert Köçəryan: “Artıq dövlət rəhbərliyində dəlilər olmamalıdır”

2026/05/1779026556.jpg
Oxunub: 472     17:54     17 May 2026    
Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan Çarentsavan sakinləri ilə görüşdə baş nazirliyə namizədlər üçün psixiatrik müayinənin məcburi olması barədə qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Ordu.az xəbər verir ki, Köçəryan sürücülük vəsiqəsi almaq üçün belə bir tələbin məcburi olduğunu xatırladaraq, psixi sağlamlığı təsdiqlənməyən şəxsin ölkəyə rəhbərlik etməsinin qəribə olduğunu bildirib.

Onun sözlərinə görə, hakimiyyət başında bir daha “dəlilər” olmamalıdır.

Köçəryan qeyd edib ki, adi vətəndaş sülh içində yaşamaq, iş sahibi olmaq və övladlarının təhsil alacağına əmin olmaq istəyir.

“Bəs hakimiyyət nə təklif edir? Daimi gərgin atmosfer, isterik davranışlar, xalqı bir-birinə qarşı qoymaq. Xalqı müharibə ilə hədələyirlər. Bu hakimiyyət kazinonu hər evə, narkotikləri isə hər məktəbə gətirib”, - deyə o bildirib.

Köçəryan qeyd edib ki, o, hələ milli məsələlər, Ağrı dağı ilə Alagözü qarşı-qarşıya qoymaq və Erməni Apostol Kilsəsinə qarşı hücumlar barədə danışmır.

Onun fikrincə, baş verənlərə rasional izah yoxdur və bütün bunlar vəziyyəti primitiv səviyyəyə endirmək məqsədi daşıyır.

“Nikol Paşinyanın biliyi və aydın mövqeyi yoxdur, bu səbəbdən də bir gün bir söz, ertəsi gün başqa söz deyir, nəticədə isə bütün bədəli xalq ödəyir. Bunun nəticəsində minlərlə insan ölüb. Hakimiyyət və məsuliyyət sinonim anlayışlardır və rəhbər şəxs “səhv etdim” deyərək məsuliyyətdən yayınmamalıdır”, - deyə Köçəryan bildirib.

Keçmiş erməni prezident Çarentsavanın problemlərinə də toxunaraq bildirib ki, şəhər vaxtilə sənaye mərkəzi olub.

Onun sözlərinə görə, proqramlarının əsas məqsədi ölkəyə sənaye potensialını qaytarmaqdır. Köçəryan məktəblərin optimallaşdırma adı altında bağlanmasını cinayət adlandırıb və regionların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Ermənistanın əlavə 8 milyard ABŞ dolları borcunun hara xərcləndiyini soruşub.

Köçəryan Rusiya ilə münasibətlərin pisləşdirilməsini məsuliyyətsiz davranış adlandıraraq bildirib ki, əhalinin təxminən 80 faizinin rifahı bu və ya digər formada Rusiya ilə bağlıdır.

Onun sözlərinə görə, Rusiyada yüksək səviyyədə “özünüzə gəlin, səbir tükənə bilər” mesajı verilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin