Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Lavrovun gizli təhdidi: Ermənistan “Avropa istəkləri” yolunda nə itirə bilər?” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, Sergey Lavrov Yeni Delhidə BRICS ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında Rusiya ilə Ermənistan arasında münasibətlərin yaxın, lakin asan olmadığını bildirib.
“Bu münasibətlər yaxın və müttəfiqlik xarakteri daşıyır. Amma eyni zamanda asan deyil”, - deyə Lavrov bildirib.
Rusiya XİN başçısı iddia edib ki, Qərb Ermənistanı və MDB-nin bəzi digər üzvlərini özünə tabe etdirməyə çalışır, onları MDB və Avrasiya İqtisadi Birliyi məkanındakı tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi, ticarət və investisiya əlaqələrindən uzaqlaşdırmaq istəyir.
“Baş nazir Paşinyanın seçki işləri ilə məşğul olduğunu və buna görə Avrasiya İqtisadi Birliyinin liderlərinin görüşünə qatıla bilməyəcəyini dediyini eşitmişəm. Bu, əlbəttə ki, üzücü olardı, çünki havada qalan məsələləri müzakirə etmək üçün yaxşı imkan yaranır”, - deyə Lavrov əlavə edib.
Məqalədə bildirilir ki, Lavrov Avrasiya İqtisadi Birliyinin may ayında keçiriləcək sammitində Ermənistanın Qərbin təsir zonasına çəkilməsi ilə bağlı məsələlərin də müzakirə ediləcəyini vurğulayıb.
“İndi düşünürəm ki, Avropa İttifaqının Ermənistanı öz təsir zonasına çəkmək israrından yaranan problemləri müzakirə etmək üçün optimal imkan yaranacaq. Buraya Ermənistanın Avrasiya İqtisadi Birliyi çərçivəsində malik olduğu imtiyazların risk altına düşməsi də daxildir”, - deyə Rusiya XİN rəhbəri bildirib.
Müəllif yazıb ki, bu açıqlamalar fonunda Ermənistan hakimiyyəti Avrasiya İqtisadi Birliyindən çıxmaq planlarının olmadığını bildirir. Nikol Paşinyan qeyd edib ki, əgər Ermənistan Birliyə qarşı siyasət yürütmüş olsaydı, təşkilat bu gün iflic vəziyyətinə düşərdi, çünki qərarlar konsensus əsasında qəbul olunur.
Məqalə müəllifi hesab edir ki, Lavrovun Yeni Delhidəki açıqlamaları Moskvanın “yumşaq güc” siyasəti ilə açıq diplomatik təzyiqinin birləşməsi kimi qiymətləndirilə bilər.
“Lavrovun Ermənistanın Avrasiya İqtisadi Birliyi çərçivəsində bütün imtiyazlarını itirmək riski ilə üzləşdiyini deməsi artıq adi diplomatik ritorika çərçivəsindən çıxır və təhdid xarakteri daşıyır. Lavrovun bəhs etdiyi “imtiyazların itirilməsi” ilk növbədə enerji daşıyıcılarının tarifləri, gömrük güzəştləri və Rusiya bazarına çıxış imkanları ilə bağlıdır.
Bu, Moskvanın iqtisadi qarşılıqlı faydanı artıq siyasi loyallıqdan asılı hesab etdiyinə açıq işarədir. Əgər əvvəllər Avrasiya İqtisadi Birliyi sırf iqtisadi layihə kimi təqdim olunurdusa, indi Rusiya onu Ermənistanın Qərbə yönəlmiş siyasətini cilovlama vasitəsi kimi istifadə edir”, - deyə müəllif yazıb.
Məqalədə konsensus mexanizminin Ermənistanın əleyhinə də işləyə biləcəyi qeyd olunur.
“Əgər Paşinyan Ermənistanın konsensus hüququndan istifadə edərək təşkilatı iflic edə biləcəyini deyirsə, Lavrovun açıqlamaları əks ssenarini göstərir. Avrasiya İqtisadi Birliyinin digər üzvləri Moskvanın təşviqi və ya öz maraqları naminə Ermənistan üçün həyati əhəmiyyət daşıyan iqtisadi təşəbbüsləri bloklaya bilərlər.
Lavrovun “havada qalan məsələlər” ifadəsi Rusiyanın artıq narazılıqları açıq şəkildə gündəmə gətirməyə hazır olduğunu göstərir. Rusiya artıq “həm bu, həm də o” siyasətinə dözmək niyyətində deyil. Moskva balanslaşdırma siyasətinin qarşısını almaq üçün daha sərt addımlara keçməyə qərar verib”, - deyə məqalədə vurğulanıb.
Nəşr hesab edir ki, bu addımlar hüquqi baxımdan Avrasiya İqtisadi Birliyinin standartları kimi təqdim olunsa da, əslində siyasi sanksiyalar formasını ala bilər.
“Ermənistan üçün elə vəziyyət yaranır ki, Avrasiya İqtisadi Birliyindən çıxmamaq barədə bəyanatlar artıq kifayət etməyə bilər. Moskva indi məsələyə açıq şəkildə yanaşır: ya tam inteqrasiya və Qərb vektorundan imtina, ya da bütün “imtiyazlar”ın sıfırlanması”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az