Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Vətəndaş Müqaviləsi”nin “bahalı” səslərinin qiyməti: Dövlət xəzinəsinin qapılarını açıblar” başlıqlı məqaləsində yazıb.
Məqalədə bildirilir ki, iqtisadiyyat naziri vəzifəsini “Vətəndaş Müqaviləsi”nin siyasi təbliğatına xidmət etdirən Gevorq Papoyan seçkilər ərəfəsində kəndlilərə növbəti vəd verib.
“Toplanan südün qiymətini hökumət subsidiya edəcək. Biz yaxın zamanda süd qiymətlərinin dolayı subsidiyalaşdırılması proqramını həyata keçirəcəyik və bundan heyvandarlıqla məşğul olan vətəndaşlarımız faydalanacaqlar”, - deyə Papoyan bildirib.
Qeyd olunub ki, bundan əvvəl də hakimiyyət seçki kampaniyası çərçivəsində gübrələrin qiymətini subsidiya etmək qərarı verib və hər kisə üçün 3 min drama qədər dəstək ayrılıb. Daha əvvəl isə büdcə hesabına subsidiya vasitəsilə kəndlilərə faizsiz kreditlərin veriləcəyi açıqlanmışdı.
“Əgər seçkilər olmasaydı, belə görünə bilərdi ki, hakimiyyət kəndlilər haqqında düşünür və kənd təsərrüfatına dəstək verir. Bir tərəfdən faizsiz vəsait ayrılır, digər tərəfdən subsidiyalar hesabına kənd təsərrüfatının inkişafı, məhsul istehsalının artması və kəndlinin gəlirlərinin yüksəlməsi üçün şərait yaradılır. Amma reallıq tam fərqlidir. Kənd təsərrüfatı inkişaf etmir, kənd məhsullarının istehsalı artmır, kəndlinin gəlirləri yüksəlmir”, - deyə məqalədə vurğulanıb.
Nəşr hesab edir ki, hökumət bu cür “yardımlarla” əslində kənd təsərrüfatını inkişaf etdirmək yox, seçkilərdə kəndlilərin səslərini qazanmaq məqsədi güdür.
“İllərdir kəndlilər südün aşağı alış qiymətlərindən şikayət edirdilər, amma hökumət indiyədək bu məsələ ilə bağlı heç nə etmirdi. Seçkilərə bir ay qalmış isə birdən-birə süd qiymətlərini subsidiya etməyi xatırladılar”, - deyə müəllif yazıb.
Məqalədə qeyd edilir ki, hakimiyyətin planlaşdırdığı subsidiya proqramının uzunmüddətli olmayacağı ehtimal olunur.
“Əgər seçkilərdən sonra yenidən hakimiyyətdə qala bilsələr, bundan imtina etmək üçün çoxlu bəhanələr tapacaqlar. Bu hakimiyyət artıq çoxdan sübut edib ki, onlar üçün əsas məsələ dövlət və vətəndaş yox, öz hakimiyyətlərini qorumaqdır”, - deyə nəşr vurğulayıb.
Müəllif bildirir ki, illərdir süd qiymətlərinin subsidiya edilməməsi nəticəsində heyvandarlıq məhv olmaq həddinə çatıb. Təkcə heyvandarlıq deyil, ümumilikdə kənd təsərrüfatı ağır vəziyyətdədir.
“Bu ilin ilk rübündə kənd təsərrüfatında 5,2 faiz azalma qeydə alınıb. Ötənilki artım isə əsasən əlverişli hava şəraitinin nəticəsi idi, hökumətin proqramlarının yox. Hakimiyyət tez-tez kənd təsərrüfatının inkişafı və kəndlilərə dəstək proqramlarından danışsa da, bunun real nəticələri görünmür.
Əkin sahələri genişlənmir, kənd təsərrüfatı məhsullarının həcmi artmır, mal-qaranın sayı isə azalır. Bu gün Ermənistanda heyvandarlıq artıq sərfəli deyil. Xərclər çox, qazanc isə azdır. Son 5 ildə iri buynuzlu mal-qaranın sayı təxminən dörddəbir azalıb. Südün alış qiymətlərinin son dərəcə aşağı olması da bunun əsas səbəblərindən biridir”, - deyə müəllif qeyd edib.
Nəşr yazır ki, bu gün Ermənistanda mal ətinin qiyməti rekord həddə çatıb və bir ildə 20 faizdən çox bahalaşıb.
“Ət bahalaşıb, çünki daxili istehsal tələbatı ödəmir. Hakimiyyət daxili istehsalı zəiflədir ki, sabah öz oliqarxları vasitəsilə xaricdən idxal edib baha qiymətə satsın. Ermənistan hakimiyyətinin Türkiyə və Azərbaycanla sərhədlərin açılması və ticarət əlaqələrinin qurulması istiqamətində siyasəti gələcəkdə Ermənistan kənd təsərrüfatını daha ağır vəziyyətə sala bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az