Ordu.az xəbər verir ki, bu barədə “İctimai Rəy” Fondu tərəfindən aparılan araşdırmada bildirilib.
Sorğuda iştirak edənlərin 73 faizi hesab edir ki, Putin prezident kimi “daha çox yaxşı” fəaliyyət göstərir. Bu göstərici 2022-ci il fevralın 25-27-dən bu yana ən aşağı səviyyədir, həmin vaxt bu rəqəm 71 faiz olub.
Bir həftə əvvəl isə respondentlərin 76 faizi onun fəaliyyətini müsbət qiymətləndirmişdi. Həmin dövrdə respondentlərin 74 faizi ona etibar etdiyini bildirmişdi, hazırda isə bu göstərici 73 faizə enib. Putinin fəaliyyətini “daha çox pis” qiymətləndirənlərin payı bir həftə ərzində iki faiz bəndi artaraq 13 faizə çatıb.
Respondentlərin 17 faizi isə prezidentə etibar etmədiyini bildirib ki, bu da bir həftədə üç faiz bəndi artım deməkdir. Müstəqil “Levada Mərkəzi”nin məlumatına görə isə 2026-cı il apreldə Putinin fəaliyyətinə dəstək səviyyəsi 79 faiz təşkil edib, lakin bu göstərici son altı ayda tədricən azalır.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi ardıcıl yeddi həftə ərzində Putinin reytinqində azalma qeydə alıb. Aprelin 24-də dərc olunan nəticələrə əsasən, respondentlərin 24,1 faizi Putinə etibar etmir, 23,3 faizi isə onun fəaliyyətini bəyənmir. Bildirilir ki, bu gün yeni reytinqlər açıqlanmayıb, çünki mayın 1-i Rusiyada qeyri-iş günüdür.
Eyni zamanda “Meduza” nəşrinin məlumatına görə, Kremlin hakimiyyətə yaxın KİV-lərə daha əvvəl məsləhət verilib ki, ya yalnız “İctimai Rəy” Fondunun göstəricilərinə istinad etsinlər, ya da ümumiyyətlə bu rəqəmləri dərc etməsinlər.
Putinin reytinqinin azalması “Telegram”ın bloklanması, mobil internetin məhdudlaşdırılması, qiymət artımı və müharibə səbəbindən cəmiyyətin yorulması fonunda baş verir.
Sevinc Əliyeva
Ordu.az