ABŞ Hərbi Dəniz Qüvvələri öz əsas hipersəs zərbə sursatını seçib: “Multi-mission Affordable Capacity Effector”, yaxud MACE.
Qüvvə növbəti bir neçə ildə minlərlə MACE sursatı almaqla hipersəs zərbə qabiliyyətini artırmaq üçün milyardlarla dollar xərcləməyi planlaşdırır.
MACE raketi nədir?
MACE Çin və Rusiya hərbi gəmilərini sıradan çıxarmaq üçün hazırlanmış havadan buraxılan gəmi əleyhinə hipersəs sursatıdır. MACE-in ən cəlbedici cəhətlərindən biri onun aşağı xərcə əsaslanan dizaynıdır: raketin hər sursat üçün təxminən 300 min dollara başa gələcəyi qiymətləndirilir. Bu, təxminən 3 milyon dollarlıq qiymətə malik AGM-158 LRASM kimi müqayisə edilə bilən raketlərdən xeyli azdır. Hərbi Dəniz Qüvvələri həmçinin MACE-in F/A-18E/F “Super Hornet” və F-35C “Lightning II” qırıcı təyyarələri ilə uyğun olmasını istəyir.
2027-ci il büdcəsində Hərbi Dəniz Qüvvələri MACE istehsal xəttinin “Lot 1” mərhələsindən 353 “All-up-Rounds” (AURs) almaq üçün 156 milyon dollar tələb edir. Bu vəsaitin hamısı hipersəs sursatının alınmasına yönəlməyəcək, bir hissəsi isə növbəti bir neçə ildə daha çox alışları asanlaşdırmaq üçün MACE-in sənaye bazasının və istehsal xəttinin hazırlanmasına ayrılacaq. Bu, Pentaqon üçün standart satınalma prosedurudur.
Hərbi Dəniz Qüvvələri növbəti bir neçə ildə MACE satınalmasını artırmağı planlaşdırır.
2027-ci maliyyə ili üçün tələblərə əlavə olaraq, büdcə təklifi 2028-2031-ci maliyyə illərində alışlar üzrə gələcək qiymətləndirmələri də ehtiva edir. Bu qiymətləndirmələr göstərir ki, Hərbi Dəniz Qüvvələri 2028-ci maliyyə ilində 691 AUR, 2029-cu maliyyə ilində 976 AUR, 2030-cu maliyyə ilində 1115 AUR və 2031-ci maliyyə ilində 1375 AUR, beş il ərzində ümumilikdə 4510 gəmi əleyhinə raket almaq niyyətindədir. Əlbəttə, bu rəqəmlər dəyişə bilər, lakin onlar Hərbi Dəniz Qüvvələrinin zərbə qabiliyyətlərini qabaqcıl sursatlarla modernləşdirmək məsələsində aydın niyyətini göstərir.
Fevralda Hərbi Dəniz Qüvvələri MACE üçün “Castelion”un “BlackBeard” dizaynını seçib.
“Döyüşçünü dəstəkləmək üçün hipersəs qabiliyyətinin təhvil verilməsi bu komandanı hərəkətə gətirən əsas amildir. Müdafiə Nazirliyinin komandamıza göstərdiyi etimadı anlayırıq və öhdəliklərimizi yerinə yetirmək üçün təcililik hissini qorumağa fokuslanmışıq”, - deyə “Castelion”un baş direktoru və həmtəsisçisi Bryon Hargis fevralda şirkəti müqavilə aldıqdan sonra bildirib.
Hərbi satınalma baxımından MACE sursatı ordunun ağır satınalma prosesindən ildırım sürəti ilə keçir. Dəniz aviasiyasına cavabdeh komandanlıq olan “Naval Air Systems Command” (NAVAIR) hipersəs zərbə sursatı üçün ilk məlumat sorğusunu 2024-cü ildə dərc edib. Daha sonra Hərbi Dəniz Qüvvələri ötən ilki büdcədə bu qabiliyyət üçün vəsait ayırmaq niyyətini ilk dəfə qeyd edib.
Bu inkişafdan bir il ərzində Hərbi Dəniz Qüvvələri podratçı kimi “Blackbeard”i, sursat kimi isə MACE-i seçib və indi silah sistemini almaq üçün zəruri vəsaiti tələb edir.
ABŞ hipersəs silahlarına tam gücü ilə yönəlir. Rəqibləri də yönəlir.
Hipersəs raketləri uzaqmənzilli atəşlərin gələcəyidir. Bu sursatlar son dərəcə yüksək sürətlə hərəkət edə və hətta hava hücumundan müdafiə ələkeçiricilərindən yayınmaq üçün manevr edə bilir. Onların nəhəng sürəti və qeyri-xətti uçuş trayektoriyası onları ələ keçirməyi son dərəcə çətin edir.
ABŞ hipersəs raketlərinin inkişafına pul, vaxt və səy yatıran yeganə ölkə deyil. Onun iki yaxın rəqibi Çin və Rusiya da hipersəs imkanlarını genişləndirir. Bu ikisi arasında Çin açıq şəkildə daha təhlükəlidir, lakin Rusiyanın hipersəs silahları üçün Çində olmayan real sınaq meydanı var: Ukraynada davam edən müharibə. Burada Rusiya Ukrayna şəhərlərinə qarşı hipersəs raketlərindən dağıdıcı nəticələrlə istifadə edib.
Sevinc Əliyeva
Ordu.az