KİV: Slovakiya və Macarıstan Aİ vəsaitlərindən məhrum edilə bilər

2026/04/1777564383.jpg
Oxunub: 404     19:47     30 Aprel 2026    
Avropa İttifaqı parlamenti Avropa Komissiyasına müraciət edib və “şərtilik mexanizmi” adlandırılan mexanizmin işə salınmasını təklif edərək, Slovakiyaya ayrılan Aİ vəsaitlərinin dondurulmasını xahiş edib.

Ordu.az xəbər verir ki, bu barədə “Euobserver” nəşri yazır.

Bu mexanizm hüququn aliliyini pozan üzv dövlətlərin maliyyələşdirilməsini dayandırmaq üçün tətbiq olunur.

Eyni prosedur ilk dəfə 2022-ci ilin sonunda Budapeştdə Viktor Orban hökumətinə qarşı tətbiq edilib və bu, 20 milyard avrodan çox Aİ maliyyələşməsinin dayandırılmasına səbəb olub.

“Slovakiya məsələsində bizim səbr kasamız sadəcə dolub”, - deyə Avropa Parlamentinin deputatlarından biri bildirib.

Şərtilik mexanizmi o halda işə salınır ki, üzv dövlətin Aİ vəsaitlərini məqsədyönlü şəkildə qoruyacağına zəmanət yoxdur.

Avropa Parlamentinin deputatları Robert Fitso hökumətini Milli Cinayət Agentliyinin və Xüsusi Prokurorluğun ləğvinə görə tənqid edirlər, həmçinin bu yaxınlarda Məlumatverənlərin Müdafiəsi Ofisinə qarşı da eyni addımın atılması cəhdi olub. Hökumət əvvəlcə bu qurumu ləğv etmiş, lakin Brüsselin tənqidindən sonra bu qərarını geri götürmüşdü.

Slovakiya ilə bağlı etirazlarını deputatlar Aİ-nin ötən ilki büdcəsinin səsverməsi zamanı təqdim ediblər (418 lehinə, 207 əleyhinə, 14 bitərəf).

Bu məsələ üzrə səsvermə hər il keçirilir.

“Artıq səsvermədən əvvəl büdcə komitəsi mühüm dəyişikliklər qəbul etmişdi, hansı ki, deputatlar Avropa Komissiyasını Slovakiyaya qarşı şərtilik mexanizmini işə salmağa çağırmışdılar”, - deyə “euBrief” saytının analitiki Marian Koren izah edib.

Slovakiya prezidenti Peter Pellegrini parlamentin Aİ vəsaitlərini dondurma çağırışını Slovakiyaya qarşı siyasi motivli addım kimi qiymətləndirir. O iddia edir ki, deputatlar Slovakiyanı Fitsonun hökumətinin bəzi mövqelərinə görə cəzalandırmaq istəyirlər.

“Mən qəti şəkildə inanıram ki, sonda belə səsvermə uğur qazanmayacaq və Avropa İttifaqı bizim üçün Aİ vəsaitlərini dondurmayacaq”, - deyə o bəyanatında yazıb.

Onun sözlərinə görə, bunlar sadəcə Slovakiya ilə bağlı öz baxışları olan siyasətçilərin açıqlamalarıdır.

“Prezident olaraq mən belə fəlakəti arzulaya bilmərəm. Əksinə, mən qəti şəkildə inanıram və ümid edirəm ki, bu, əslində baş verməyəcək və bu, sadəcə siyasi təşvişdir”, - deyə Slovakiya prezidenti əlavə edib.

“Bu addım üçün mühafizəkarlarından solçulara qədər Avropa Parlamentinin deputatları arasında siyasi spektrin bütün hissələrində möhkəm kompromis əldə olunub”, - deyə büdcə nəzarəti komitəsinin üzvü, alman deputat Daniel Freund (“Yaşıllar” partiyasından) bildirib.

“Denník N” qəzetinin müxbiri ilə söhbətində Freund deyib ki, Fitso, Orban və polşalı mühafizəkar Yaroslav Kaçinski arasında paralellər mövcuddur, Kaçinskinin əkiz qardaşı 2010-cu ildə ölümünə qədər oxşar baxışlara malik idi.

Freund uzun müddətdir hüququn aliliyi məsələləri ilə fəal məşğul olur və Macarıstan və Polşaya qarşı oxşar prosedurlara rəhbərlik edib. Büdcə nəzarəti komitəsində o, koordinator vəzifəsini tutur.

“Avropa Parlamentinin məqsədi bu halda Macarıstan ssenarisindən qaçmaqdır, həmin məsələdə Aİ-nin real müdaxiləsi üçün on ildən çox vaxt tələb olundu”, - deyə Freund bildirib.

“Slovakiya məsələsində deputatlar erkən xəbərdarlıq siqnalları göndərirlər ki, demokratiyanın və hüququn aliliyinin məhvinin qarşısı alınsın, çünki hadisələr çox sürətlə inkişaf edir”, - deyə Freund qeyd edib.

Bu yanaşma daxili işlər naziri Matuş Şutay Eştok Məlumatverənlərin Müdafiəsi Ofisini ləğv etməyə cəhd edəndə də açıq şəkildə görünmüşdü. Yeni qanunvericilik artıq qəbul mərhələsində belə Brüsseldə narahatlıq doğurmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Macarıstan  


Bizi "telegram"da izləyin